Dünya silah bazarı: Bakı və İrəvan hardan nə alıb?
ABŞ hərbi texnika və silah satışı üzrə liderdir. Silah istehlakında isə ilk yeri Səudiyyə Ərəbistanı tutur.
Bu məlumat Stokholm Sülh Problemləri İnstitutunun (SİPRİ) hesabatında yer alıb.
Məlumata görə, dünyanın ən böyük 5 silah ixracatçısından üçü – ABŞ, Fransa və Almaniyanın tədarükü əhəmiyyətli miqdarda atıb. Bu artıma səbəb Rusiya və Çinin silah ixracatının azalmasıdır.
SİPRİ hazırda beynəlxalq silah tədarükünün soyuq müharibə dövründən bu yana ən yüksək səviyyəyə yaxın olduğunu bildirib.
Təşilat ABŞ-ın hazırda dünya silah ixracında payının 32%-dən 37%-ə yüksəldiyini qeyd edib. Yaxın Şərqə silah tədarükünün 47%-i ABŞ-ın payına düşür. ABŞ-ın ümumi silah ixracının 24%-i isə Səudiyyə Ərəbistanına icra edilib.
Fransanın silah ixracı 44% artıb ki, bu da ölkənin dünya silah ixracında payını 8,2%-ə yüksəldib. Parisin ümum silah ixracının 59%-i Hindistan, Misir və Qətərə gerçəkləşdirilib.
Almaniya da silah ixracatını 21% artıraraq, silah bazarındakı payını 5,5%-ə çatdırıb. Almanlar üçün son 4 ildə əsas bazar Cənubi Koreya, Əlcəzair və Misir olub.
Moskvanın silah ixracatı 22% azalıb. Bununla ölkənin silah ixracatı 2006-2010-cu illər səviyyəsinə düşüb. Azalmaya əsas təsir göstərən səbəb Hindistana silah ixracatının 53% kiçilməsidir. Moskva Çin, Əlcəzair və Misirə ixracatını artırsa da, bu, Hindistan itkisini kompensasiya etməyib.
Çinin silah ixracatında payı 5,2%-ə qədər azalıb. Son dörd ildə Çin ixracatını Pakistan, Banqladeş və Əlcəzairə həyata keçirib.
Son dörd il ərzində Britaniyanın ixracı 27% azalıb, bununla da krallığın silah bazarında payı 3,3% təşkil edib. İsrail və Cənubi Koreya kimi ölkələrin ixracında isə artım qeydə alınıb. İsrailin ixracı 59%, Cənubi Koreyanın isə 210% artıb. Nəticədə İsrailin dünya bazarındakı payı 3%-ə, Cənubi Koreyanın isə 2,7%-ə qədər yüksəlib.
2016-2020-ci illərdə silah idxalında ən böyük artımlardan biri yenə Yaxın Şərqdə olub. Belə ki, Yaxın Şərq ölkələri dünyanın silah idxalının 25%-ni həyata keçiriblər. Belə artıma səbəb isə Fars körfəzi regionunda yaşanan gərginlik olub. Səudiyyə Ərəbistanı son dörd il ərzində silah idxalını 61%, Qətər 361%, Misir 136% artırıb.
BƏƏ-nin silah idxalı isə 37% azalıb.
Misir silah idxalını xüsusilə hərbi dəniz sferası ilə bağlı yüksəldib. Buna səbəb isə onun Türkiyə ilə Aralıq dənizində yaşadığı gərginlikdir.
2016-2020-ci il ərzində Türkiyənin silah idxalı 59% azalıb. Buna səbəb ölkəyə F-35 təyyarələrinin idxalının dayanması və Türkiyənin daxili hərbi sənayesinin inkişafıdır.
Afrikaya isə müvafiq dövr ərzində idxalat 13% azalıb. Qitəyə ən böyük silah idxalçısı Rusiya (30%) olub. Ondan sonrakı yerlərdə Çin (20%), Fransa (9,5%) və ABŞ (5,4%) dayanıb.
Hesabatda həmçinin Azərbaycan və Ermənistana da yer verilib. Belə ki, hər iki ölkənin öz hərbi potensialını artırdığı bildirilib. SİPRİ 2016-2020-ci il ərzində Ermənistana idxal olunan silahların 94%-nin Rusiyanın, Azərbaycana idxal olunan silahların 69%-nin isə İsrailin payına düşdüyünü yazıb.