Generalın həbsi haqda rəsmi məlumat – “Rövşən Əkbərov “Sikora” kafesində yeyib içdikdən sonra Elçin Əliyevin ürəyindən vurub…”
Baş Prokurorluq sabiq korpus komandiri, general-leytenant Rövşən Əkbnərovun həbs səbəblərini açıqlayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən yayılan məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukraynanın paytaxtı Kiyevdə soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı bu ölkənin prokurorluq orqanlarında cinayət işi qaldırılıb. Bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü ildə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan hüquq-mühafizə orqanlarına göndərilib.
Həmin cinayət işi üzrə Azərbaycanın Hərbi və Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.
2020-ci ildə isə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilib. İcraat təzələnib və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanıb, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən onun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
2021-ci il martın 15-də Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq bu qəbildən olan məlumatların həssaslığını nəzərə alaraq, kütləvi informasiya vasitələrində dəqiqləşdirilməmiş informasiyalara istinad edilməməsini xahiş edir.