Ozan Yusif Poladoğlu – Sənə doğru gəlirəm
Qürbət ölümləri bir başqa ağır olur…
Daha bir dost, bir qürbətçi, bir mübarizə yoldaşı və bir xalq Ozanı arxasında bir dəstə həsrət və xatirə qoyub dünyadan köçdü.
Covid-19 virusuna yoluxub vəfat edən Ozan Yusif Polatoğlu gənclik illərindən tanıdığım, illər əvvəl Ozan Arif, Ozan Yusif Polatoğlu, Ozan Hilmi Şahballı, Ozan Nihad Sönməz və müğənni Əhməd Baydaroğlu ilə bir müddət konsertlərdə bir yerdə iştirak etdiyim çox dəyərli bir şəxsiyyət idi. Mərhum Ozan Arifin itkisindəki kədər hələ də ürəyimizi yandırarkən, Ozan Yusifin ölümü ağrımızı yenidən alovlandırıb.
1970-80-ci illərdə məhəlli ozan kimi iştirak etdiyim konsertlərdə komandadakı ozanları tanımaq fürsəti tapdım. Bu gün də yaşayan ozanlarımız ilə münasibətlərimiz davam edir. Mərhum Ozan Arif və sənətçi Əsəd Qabaqlı ilə unudulmaz Bakı xatirəmiz də olub.
Əsl adı Yusif Polat olan Ozan Yusif Polatoğlu, aşıqlar və Dadaşlar[1] diyarı Ərzurumun Oltu mahalının Göyçədərə kəndində 1956-cı ildə anadan olub. İbtidai və orta təhsilini Türkiyədə başa vurub. 1972-ci ildə Almaniyaya köç edən qürbətçilər karvanına qoşulub və Almaniyadakı Mədən İşlətməsi Məktəbini bitirib.
Hər bir xalq ozanı kimi, o da, aşıq sənətini şifahi ənənə yolu ilə mahal aşıqlarından öyrənib və onlardan təsirlənib. Türkiyənin siyasi, iqtisadi və ictimai mənfi formasiyalarının baş göstərdiyi 1970-80-ci illərdə Ozan Yusif, öz şerləri ilə xalqımızın tərcümanı olmuşdur. Onun şerlərinin ilham qaynağı və qidalanma mənbəyi milli-mənəvi deyərlər olub. Eyni zamanda o, deyişmə, daşlama, müəmma, cinas və ləb dəyməz aşıq sənəti növlərini məharətlə ifa edən bir ozan idi.
Ozan Yusif şerlərində axirət həyatını əbədi aləm kimi mənimsəyib və dilləndirib. Xeyirxahlıq, təfəkkür, təsəvvüf, ruh tərbiyəsi və zahid insan olmağı diqqətlərə çatdırıb.
Bundan başqa Avropadakı Türk qürbətçilərin müsəlmanlıq, milli, sosial və mədəni dəyərlərinə şerləri ilə diqqət çəkib. 1970-ci illərdə Türkiyədə baş verən siyasi böhran ilə bağlı çatışmazlıqları, milli və mənəvi hisslərlə dilləndirib; vaxtaşırı qınaq və qəzəb şerləri yazıb və bunları konsertlərdə nümayiş etdirib. Ozan Yusifin öz mahnı və şerlərində birlik-bütövlük, həmrəylik, vətənpərvərlik, İslama bağlılıq, sevgi, həsrət, təbiət və qürbət yer tutub.
Ozan Yusifin və təbii ki, digər ozan və şairlərimizin mahnıları və şerləri Avropada doğulan nəsillərin dini və milli şüurunun formalaşmasında mühüm rol oynayır.
Avropanın müxtəlif ölkələrində çox sayda konsertlərdə iştirak edən Ozan Yusif həm də bir neçə mükafatlara layiq görülüb.
Onun öz mahnılarından bəzilərini Türkiyədəki tanınmış müxtəlif sənətçilər də oxunub və albom repertuarına salıblar.
İndiyədək Ozan Yusifin 11 albomu işıq üzü görüb. Türkiyə və Almaniyada müxtəlif qəzet və jurnallarda araşdırma, tədqiqat məqalələri və şerləri dərc olunub. Ayrıca xalq musiqi sənəti və xalq ədəbiyyatı ilə bağlı Almaniyadakı qeyri-hökumət təşkilatlarında çıxışlar edib.
Ozan Yusif Polatoğlunun öz şerləri “Düşmeyen Bayrak” (1978), “Gönlümü Dinlerken” (1988), “Göç Göç Oldu” (1996), “Burası Feşmekistan” (2000) və “Söz İkliminde” (2000) adlı kitablar toplusunda dərc olunub. Ayrıca o, Ərzurumlu Aşıq Rəyhani haqqında “Mızrabın İstırabı-Aşık Reyhani” (1996) adlı bir araşdırma kitabı da nəşr etdirib.
Mərhum Ozan Yusif Polatoğluna Allahdan rəhmət diləyirəm, məkanı cənnət olsun…
[1] Ərzurumluların ləqəbi
OZAN YUSİF POLATOĞLUNUN SEÇİLMİŞ ŞEİRLƏRİ:
GƏliRƏM
Ümid etdim girdim yola
Sənə doğru gəlirəm mən.
Sevgin ilə dola-dola
Sənə doğru gəlirəm mən.
Dünənlərim qalıb dündə
Yenidən oldum bu gündə
Aradığım həyat səndə
Sənə doğru gəlirəm mən.
Nə söyləsən söylə məni
İllər edib bələ məni
Bələ qəbul elə məni
Sənə doğru gəlirəm mən.
Polatoğlu vüsal bəklər
Açandan gərçək çiçəklər
Qalmadı o gözəl rənglər
Sənə doğru gəlirəm mən.
GEDİR
Özünə gəl dəli könlüm özünə
Zamanə yenə baş alıb gedir bax
Ağıl ermir bu fələyin işinə
Əvvəl-axir bələ gəlib-gedir bax
Aynalar güləndə insana öncə
Sonra lağ eləyir incədən-incə
Bu gün açılanda yəni bir qönçə
Dünənki çiçək solub gedir bax
Qürbəti təsvirə yetməyir sözlər
Könül bu dəmbədəm vətəni özlər
Oltu* irmağını axtaran gözlər
Ren-in** sularına dalıb gedir bax
Bir gün təsəllidə bir gün mihnəttə
Hər nemətin külfəti var əlbətdə
On beşimdə gəldiyim bu qürbətdə
Nə təz iyirmi il dolub gedir bax
Yaralarım saxlı qalıb dərində
Təbəssüm elədi o öz yerində
Yağmurlu küləkli günün birində
Desinlər Polatoğlu öldü gedir bax
* Oltu, Ərzurumun rayonu (məşhur Oltu daşından düzəldilən təsbeh diyarı)
** Reyn (Rhein), Almaniya, İsveçrə, Fransa, Avstriya və Hollandiya torpaqlarından axan Avropanın ən böyük və ən əhəmiyyətli çayı.
BU SIRA
Küləyə qoşuldu köküm-budağım
Qayığım su tutar oldu bu sıra
Sudan dad almayır dilim dodağım
Səbir, daşı udar oldu bu sıra
Ölçmək çox çətindir əməyi təri
Hər söz deyilməyir gəlsə də yeri
Tikan batar idi əvvəldən bəri
Güllər bələ batar oldu bu sıra
Polatoğlu bir dövrandır dönər bax
Sevməyənlər sevənləri qınar bax
Könül vəfa dəyə-dəyə yanar bax
Aman gündür betər oldu bu sıra
ÇARƏ VAR
Bir yol düşün mənim könlüm
Əcəl için çarəmi var
İl üstünə il yaşasan
Tükənməyən sürəmi var
Bir sabahdan bir axşama
Bir qəmdən öteki qəmə
Şad olmaq çox gözəl amma
Bizə gələn sıramı var
Can canandan bölünməyir
Yollar uzaq gəlinməyir
Tikansız gül bulanmayır
Dəyişməyən törəmi var
Polatoğlu bükülərmiş
Yarpaq kimi tökülərmiş
Başa gələn çəkilərmiş
Çəkilməyən yaramı var
GƏLİR
Dalğın-dalğın baxar durur gözlərim
Bir səs duysam zən edirəm yar gəlir
Bilmirəm ki, nəyi bələ özlərim
Su içində suya yanmaq zor gəlir
Bahar gəlir keçər bir tək gül verməz
Əl uzatsam sevənlərim əl verməz
Gedək desəm zalım fələk yol verməz
Geri dursam nərliyimə ar gəlir
Polatoğlu bir arzu var içimdə
Təsvir olmaz izah olmaz biçimdə
Bəzən yox oluram zərrə içində
Bezən dünya tək başıma dar gəlir
GİZLƏDİRƏM EŞQİMİ
Əlbət bir Leyliyəm Məcnunam amma
Çöldən bələ gizlədirəm eşqimi
Yıxdım fəryadımı susqunluğumu
Dildən bələ gizlədirəm eşqimi
Bağçasında quruyuram bilməyir
Atəşində əriyirəm bilməyir
Onun üçün yeriyirəm bilməyir
Yoldan bələ gizlədirəm eşqimi
Oyandıqca qalan yuxularım var
Mənliyimi aşan duyğularım var
Kərəm ollam dəyə qaygılarım var
Küldən bələ gizlədirəm eşqimi
Gözümün yaşını heç kəs görməsin
Nolar sirr dünyama heç kəs ərməsin
Halımı canana xəbər vərməsin
Yəldən bələ gizlədirəm eşqimi
Fəğanım aləmə yayılar deyə
Dərdim şikayətdən sayılar deyə
Tikandan çəkdiyim duyular deyə
Güldən bələ gizlədirəm eşqimi
Polatoğlu bir söz deyə bilmirəm
Yandığım alovdan doya bilmirəm
Saz məni mən sazı duya bilmirəm
Teldən bələ gizlədirəm eşqimi
GÖZƏL
Nədir bu gizli hal nədir bu əsrar
Xəyalın ağlımdan çıxmayır gözəl
Gözlərinin məni yaxdığı qədər
Atəşin alovu yaxmayır gözəl
Sənə bağlanandan qaldım avara
Vüsalsız həsrətə olarmı çarə
Könlüm gül üzünü görüb bir kərə
Daha özgəsinə baxmayır gözəl
O ki ilk təbəssüm o son gülüşdü
Bir solğun xatirə alboma düşdü
Ağlamaq sızlanmaq qəlbimə düşdü
Daha gözümdən yaş axmayır gözəl
SEVDİYİM
Şəfəqlər açsa da çıxsa da günəş
Bəxtin yolu açılmayır sevdiyim
Gözləmək də atəş vüsal da atəş
Həqiqətdən qaçılmayır sevdiyim
Hər dəmində könlüm səni soruşur
Xəyallarım həsrətinə qarışır
Duyğularım yanır fikrim alışır
Qara ağdan seçilməyir sevdiyim
Arzu təzələnir külək əsəndə
Əsir hey əsir gözləməsən də
Elə bir sevda ki keçdim desən də
Keçilməyir keçilməyir sevdiyim
QARDAŞ
Dünya bizə mənfi tanıdılar da
Dünyalıq amallar işlənər qardaş
Yaradılış bütöv unudular da
Nə qəribə hallar düşlənər* qardaş
Qüvvətlinin dövran sürdüyü yerdə
Haqlının biçarə durduğu yerdə
İnkarın etibar gördüyü yerdə
Əlbətdə ki iman daşlanar qardaş
Baharlar bağ-bosdan bitirsə bələ
Güllər açıb meyvə yetirsə bələ
Hər bayram bir sevinc gətirsə bələ
İnsan gündən günə yaşlanar qardaş
Ölçü yox nə sevinc nə də tasada
İbrət var yaşanan bunca qissada
Ağlımız halaldan yana olsa da
Nəfisimiz haramdan xoşlanar qardaş
Xeyr yox yoldaşdan sirdaşdan yardan
Polatoğlu mömin getməli burdan
Ölümə ilk addım atdığın yerdən
O sonsuz aləmə başlanar qardaş
* Röya
QÜRBƏTİN
Axşam oldu gün dağlardan çəkildi
Dəyişdi çöhrəsi üzü qürbətin
Xəyallarım birər-birər töküldü
Yalanmış iqrarı sözü qürbətin
Həsrət canan oldu vüsal can oldu
Duyğu-duyğu əridiyim an oldu
Ürək kövrəldikcə alınğan* oldu
Daha çəkilməyir nazı qürbətin
Polatoğlu məni rahat qoymadı
Fəryadıma səs vərmədi duymadı
Cavan gəncliyimi yedi doymadı
Bəlkə də canımda gözü qürbətin
* həssaslıq
GÖZƏL DOST
İşıq-işıq bütün gəcə boyunca
Səni gördüm səni gördüm gözəl dost
Gördüm amma görəmmədim doyunca
Yenə səni sənə verdim gözəl dost
Könlüm düşdü bilsən nələr düşləyir**
Qəm-kədərim içdən-içə işləyir
Ağrılarım məndən sonra başlayır
Mən deyiləm mənim dərdim gözəl dost
Özümün fərqinə varıram indi
Alovu alova sarıram indi
Yandıqca yanmağı görürəm indi
Sevda iqliminə girdim gözəl dost
Könül sevdiyinə olurmuş qayil
Səbr də güclənir artdıqca meyl
Sevginin tilsimi vüsalda deyil
Nəhayət bu sirrə ərdim gözəl dost
* Ozan Yusif bu şerində təxəllüsünü işlətməyib.
** Bir şeyin yuxusunu görmək, xəyalını qurmaq, arzulamaq
Əbdülqadir İnaltəkin