Bütün dünyanın gözü Putində: “Qatil”in Baydenə cavabı – Müharibə, yoxsa? …
ABŞ prezidenti Co Bayden Ağ Evdə verdiyi ilk müsahibəsi zamanı olduqca ciddi fikirlər səsləndirdi. Onun “ABC” kanalına verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putini qatil adlandırması isə bu açıqlamaların ən pik həddi oldu desək yanılmarıq. Bayden daha da irəli gedərək Putini ABŞ-da ötən il keçirilən prezident seçkisinə müdaxilə etməkdə günahlandırdı. Aydındır ki, ABŞ prezidenti “Putin buna görə cavab verəcək” ifadəsini işlədərkən, Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirəcəyini nəzərdə tuturdu. İndi bütün dünyanın diqqəti Rusiya prezidenti Vladimir Putinə yönəlib və onun verəcəyi cavab hər kəsə maraqlıdır.
Görəsən, Putinin buna cavabı nə olacaq?
Mövzu ilə bağlı konkretaz-a açıqlama verən Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Bayden Demokratların prezidenti kimi üzərinə Rusiya ilə bağlı müəyyən öhdəliklər götürüb: “Tramp dönəmindən fərqli olaraq, onlar sərt siyasətə qayıtmaqla bağlı mesajlar verirdilər. Bəs bu açıqlama niyə məhz indi edildi?. Rusiyaya qarşı verilən açıqlamalar mediada bomba effekti yaradıb. Əslində Rusiya tərəfi də belə bir üslub gözləmədiyini etiraf etdi. Rusiya tərəfində Amerika birləşmiş Ştatlarının yeni Administrasiyası ilə əməkdaşlıqlar və şansların yaranacağına dair bir inam vardı. Amma Bayden tərəfindən gözlənilmədən Rusiya və xüsusilə də Putinə qarşı belə ittihamların səsləndirilməsi bütövlükdə qarşıdakı əməkdaşlığın da xarakterini müəyyənləşdirdi. Bu açıqlamadan sonra Rusiyanın pul vahidi olan Rublun dəyəri düşdü. Həm də birjalarda qiymətli kağızların dəyəri ucuzlaşdı. Bundan sonra Kremldən hər hansı bir cavab olmayıb. Amma Rusiya Dumasının rəhbəri, Baydenin hissə qapılaraq belə bir açıqlama verdiyini dedi. Sual olunmadı ki, niyə Bayden əməkdaşlıq perspektivlərini yoxlamadan belə bir fikir səsləndirdi”.
Əziz Əlibəylinin sözlərinə görə, açıqlamanın arxasında Ukraynada Rusiyanın separatçı addımlar atması dayanır: “Görünür ki, bağlı qapılar arxasında ABŞ Rusiyadan həmin separatçı qurumlara kömək göstərilməməsini xahiş edib. Bunun qarşılığında “yox” cavabı aldığı üçün Bayden belə sərt fikirlər səsləndirib. İkinci yanaşma ondan ibarətdir ki, ABŞ tərəfi bu gün Rusiya Administrasiyasına və hakimiyyətdəki müəyyən şəxslərə qarşı artıq yeni sanksiyaların tətbiqi ilə bağlı sənəd imzaladı. Birləşmiş Ştatların ən yüksər rütbəli şəxslərindən ibarət komissiya bu gün Moskvaya səfər edəcək. Yəni bu münaqişənin həlli ilə bağlı ortaq məxrəc axtaracaqları qaçılmazdır. Çünki Rusiya tərəfi “qatil”ifadəsindən və sanksiyaların sərtləşdirilməsindən məmnun deyil”.
Rusiya-Türkiyə yaxınlaşması barədə danışan Əziz Əlibəyli bununla bağlı maraqlı məqamlara diqqət çəkib: “Hazırda “S400” raket komplekslərinin alınması məsələsi gündəmdədir. Hesab edirəm ki, Rusiya-Türkiyə əməkdaşlığının həm Aralıq dənizi, həm Yaxın Şərq, həm də Qafqazda konkret meyvələri var. Şübhəsiz Birləşmiş Ştatlar NATO tərkibində siyasətə yenidən baxmağa məcburdur. Türkiyə ilə bağlı siyasətə də mütləq yenidən nəzər salmalıdır. Rusiya-Türkiyə münasibətlərinə dair baxışlarını nəzərdən keçirməli, eləcə də Ukrayna ilə bağlı hansı addımlar atacağına dair müəyyən fikirlər formalaşdırmalıdır. Görünən odur ki, ümumilikdə bütün tərəflər qarşıdurmaya doğru gedir”.