Türk polis məmurunun oğluna Azərbaycandan bayraq hədiyyəsi: “Böyüyəndə Azərbaycan polisi olmaq istəyirəm…”
Türkiyənin Gazipaşa şəhərində xidmət edən polis məmuru Naşit Dayanın azyaşlı oğlu televizorda gördüyü Azərbaycan bayrağına heyran qalıb. Və atasından Azərbaycan bayrağı istəyib. Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, polis məmuru Naşit Dayan oğlunun bu istəyini yerinə yetirmək üçün sosial şəbəkə üzərindən Azərbaycan polisi ilə əlaqə yaradıb. Oğlu Yiğit Hamzanın onları və Azərbaycan bayrağını çox sevdiyini bildirərək onlardan bayraq istəyib.
Azərbaycan polisi bu xahişi yerinə yetirib və Yiğit Hamzaya bir ədəd böyük bayraq, bir neçə ədəd də fərqli ölçülərdə bayraq, o cümlədən üzərində “Şuşa” yazılmış idman forması göndərib.
Hədiyyə türk polisinin azyaşlı oğlunu çox sevindirib, ata-oğul nəhəng Azərbaycan bayrağını Türkiyə bayrağı ilə birlikdə evlərinin balkonundan asıb. Yiğit Hamza habelə bayraqlardan birini çarpayısının baş tərəfindən divara asıb.
“Azərbaycanı çox sevirəm. Azərbaycan qardaşdır. Bu bayraqları mənə Azərbaycan polisi göndərdi. Sevirəm deyə bayraq istədim. Bayraqları qoruyuram, yerə düşürmürəm. Kimsə oğurlamasın deyə gizlətmişəm. Böyüyəndə Azərbaycan polisi olmaq istəyirəm”,-türk polisinin oğlu bildirib.