“Azərbaycan Dəmir Yolları”nda Müşahidə Şurası yaradılır – Siyahı
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirilməsi Prezidentə və Azərbaycan İnvestisiya Holdinqinə həvalə edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncamla müəyyən edilib ki, Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Cəmiyyətin yenidən təşkili və ləğvi Prezidentin səlahiyyətlərinə aid edilib. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi də Prezidentin səlahiyyətində olacaq.
Azərbaycan Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə isə həvalə edilib ki, Cəmiyyətin nizamnaməsini və strukturunu təsdiqləsin, nizamnamə kapitalının miqdarını müəyyən etsin.
Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi, Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi də Azərbaycan İnvestiya Holqindinin səlahiyyətində olacaq.
Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək səlahiyyəti də Holdinqə verilir.
Prezidentin digər sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Sərəncama əsasən, Müşahidə Şurasının sədri vəzifəsinə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev təyin olunub.
Müşahidə Şurasının sədri
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Müşahidə Şurasının üzvləri
Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azər Mursaqulov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru
Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri.