Əliyev elan etdi: Türk dünyasının 100 illik problemi həll edilir
İlham Əliyevin Türk Şurası Zirvəsində Zəngəzurla bağlı dediklərindən iki nəticə çıxarmaq olar.
Prezident dedi ki:
1. “Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”.
Bununla türkdilli ölkələrə türk dünyasının coğrafi parçalanmasının aradan qaldırıldığı və bu coğrafiyada dərin əməkdaşlığın bundan sonra siyasi iradədən asılı olduğu mesajı verildi;
2. “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”.
Fevralın 26-da mətbuat konfransında prezident Ermənistanın Zəngəzur dəhlizinə problemlər yaratdığını açıqlamışdı. İndi dəhliz üzərində fəal iş aparıldığını bildirir. Bu, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfinin yaratdığı, yaxud yaratmaq istədiyi problemin qalmadığı deməkdir. Ermənistan baş nazirinin kommunikasiyanın müsbət tərəfləri haqda açıqlamaları da Bakının xəbərdarlığından sonra dəhlizin önünə qoyula maneələrin aradan qaldırıldığını deməyə əsas verir.
Türk coğrafiyasının 100 ildən çoxdur mövcud olan problemi həll edilməkdədir: artıq coğrafiyanın taleyi siyasi liderlərin iradəsindən asılı olacaq.