Vilayət Eyvazov: “Cərimələr əslində insanları qaydaları pozmaqdan çəkindirən səmərəli vasitədir”
“Vətəndaşlarımız adi və sərt karantin rejimləri üçün müəyyən edilmiş qaydalara bütövlükdə riayət edirlər. Əhalinin mütləq əksəriyyəti sosial izolyasiyanın saxlanılması, məhdudiyyətlərə və sanitar-gigiyenik şərtlərə əməl edilməsi, lüzum olmadan yaşayış yerinin tərk edilməməsi və bu kimi digər tələblərə əməl edir. Lakin onu da vurğulayım ki, vətəndaşlarımızın bir qismində şəxsi səhlənkarlıq, məsuliyyətsizlik hallarına rast gəlindi və tətbiq edilən inzibati cərimələr bu cür münasibətdən ortaya çıxan, eyni zamanda, ailələrinin, ətraflarının xəstəliyə yoluxmasına şərait yaradan acı həqiqətin nəticəsidir. Mən bu istiqamətdə də möhtərəm Prezident İlham Əliyevin və xanım Mehriban Əliyevanın davamlı çağırışlarını, şəxsi nümunələrini xüsusilə əhəmiyyətli sayıram. Bu örnəklər ictimaiyyətdə ciddi profilaktik təsir yaratdı, böyük maarifçilik dalğasına çevrildi”.
Bu sözləri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəsmi mətbuata müsahibəsində deyib.
Nazir deyib: “Sərt karantin rejimi nə deməkdir? İnsanlar pandemiyaya yoluxmamaq üçün evində qalsın, ətraf mühitdən təcrid olunsun və beləliklə də, sağlamlığını təmin etsin. Əlbəttə ki, karantin ən effektiv mübarizə üsulu deyil, ancaq dünyada bundan daha yaxşı qoruyucu metod da tapılmayıb. Cərimələr də əslində, insanları bu qaydaları pozmaqdan çəkindirən səmərəli vasitədir. Yəni, cəriməyə məruz qalmamaq düşüncəsi tək bir insanı deyil, həm də onun yoluxdura biləcəyi digərlərini xilas edir.
Bu həqiqəti daxili işlər orqanlarının əməkdaşları aylardır ki, əhaliyə çatdırırlar. Bizim əsas işimiz cərimə yazmaq deyil və xatırladım ki, qaydaları ilk dəfə pozanların əksəriyyətinə heç cərimə də yazılmayıb, onlara xəbərdarlıq edilib.
Müxtəlif istiqamətlər üzrə monitorinqlər də aparırıq. Təsəvvürünüzə gətirin, ictimai nəqliyyatda hərəkət edən sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir. İaşə obyektlərində, açıq və qapalı məkanlarda sosial məsafə çox vaxt qorunmur. Son günlər yoluxmaya məruz qalan insanların sayının artması da məhz belə səhlənkarlıqların nəticəsi kimi meydana çıxır. Yaxud icazəsi olmadığına görə şəhəri tərk etmələrinə imkan verilməyən, ancaq postlardan yayınıb, ara torpaq yollarla avtomobillərdə hərəkət etməyə cəhd edən yüzlərlə şəxsi hamı gördü.
Sosial şəbəkələrdə, mesajlaşma tətbiqlərində əhali arasında xof, vahimə yaradan yalan məlumatlarla da hər gün rastlaşırıq. Daxili işlər orqanları bu kimi halları, – əslində o həm də cinayət faktlarıdır, – müəyyən edən müasir texnikaya malikdir və qeyd etdiyim faktlar dərhal müəyyənləşdirilərək lazımi hüquqi tədbirlər görülür.
Son günlər ölkə ictimaiyyəti, deputatlar, ziyalılar açıqlamalarında karantin rejiminin tələblərinin pozulmasına, maska taxmamağa görə polisin daha sərt tədbirlər görməsini istəyirlər. Bu fikirlər, əlbəttə, təbii qarşılanır və polis bu işin öhdəsindən gəlir. Ancaq daxili işlər orqanlarının əməkdaşları hər bir məkanda, hər bir məhəllədə sutkalıq nəzarət həyata keçirə də bilməz… Bu nəzarət Prezidentimizin dediyi kimi, ümumxalq işinə çevrilməlidir.
Daxili İşlər naziri olaraq ictimaiyyətə müraciət edib bir daha bildirmək istərdim ki, bu cür neqativ hallara qarşı mübarizə yalnız rəsmi çərçivədə və polis müdaxiləsi ilə aparılmamalıdır. Biz bu ürək ağrıdan prosesdə ictimai qınağın, məzəmmətin və nəzarətin artırılmasını çox vacib sayırıq. Əgər vətəndaşlarımız öncə özləri qaydalara əməl edib, sonra da ətrafdakıların bu tələblərə riayət etməsinə çalışsalar, həmçinin tələblərə zidd davranışları müəyyənləşdirib çəkinmədən məlumat versələr bu prosesdə müsbətə doğru dönüş yaranar. Faktlar sübut edir ki, ictimai nəzarət bəzən elə rəsmi nəzarət qədər təsirli olur.
Ümumilikdə sərtləşdirilmiş karantin rejimində vətəndaşlarla polis əməkdaşları arasında əsasən səmimi, qarşılıqlı etimada əsaslanan, təəssübkeşlik ovqatlı münasibətlər mövcuddur və davam edir. Bu həmrəyliyi, işbirliyini yüksək qiymətləndirirəm və əminəm ki, əlaqələrimiz daha da möhkəmlənəcək”.