Azərbaycan Polisi Günü münasibətilə aksiya keçirilib
Bu gün Azərbaycan polisinin yaranmasının 102 ili tamam olur.
Hər il olduğu kimi bu il də “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşəbbüsü və Avtosfer.az saytının dəstəyi ilə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə aksiya keçirilib.
Bu dəfə keçirilən aksiya daha fərqli və geniş şəkildə qeyd olunub.
Belə ki, əvvəlki illərdən fərqli olaraq, bu il yol polisi ilə yanaşı karantin postlarında xidmət edən Post Patrul Xidməti, o cümlədən Daxili Qoşunların əməkdaşları da “Təşəkkürnamə” ilə təltif olunublar.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, aksiyanın geniş şəkildə qeyd olunması pandemiya dövründə polisin fəaliyyətinə ictimai dəstəyin ifadə olunması ilə bağlıdır:
“Karantin postlarında, küçə və prospektlərdə xidmət aparan polislər diqqətə layiqdir və onların əməyi simvolik mükafatla da olsa qiymətləndirilməlidir. Bu da ictimaiyyətin fəal nümayəndləri qarşında duran məsələlərdən biridir. Biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin tövsiyyələri ilə pandemiya dövründə ictimai fəallığın artırılması, gücləndirilməsi eləcə də, bu prosesdə əziyyəti keçən həkimlərin, polislərin, hərbi qulluqçuların və digər sahələrin əməkdaşlarına qiymət verilməsi məqsədi ilə budəfəki aksiyanı daha geniş şəkildə qeyd etdik. 1-2 iyul tarixlərini əhatə edən aksiya müddətində Bakının giriş və çıxış nöqtələrində qurulmuş 3 karantin postunda, paytaxtın müxtəlif rayonlarında, eləcə də Sumqayıt şəhərində, həmçinin Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin xidməti ərazisində xidmət aparan yol patrul və post patrul xidməti əmdaşlarının, eləcə də Daxili Qoşunların hərbi qulluqçularının “Təşəkkürnamə” ilə təltif edilməsi həyata keçirilib. Eyni zamanda “Sirab” şirkətinin hədiyyələri onlara təqdim edilib. Aksiya maraqla qarşılanıb və polislərdə xoş təəsürat yaradıb”.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov belə bir tədbirin ərsəyə gəlməsində “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinə həmçinin Avtosfer.az saytına təşəkkürünü bildirib.
Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan edilib:
“Dövlət nümayəndəsi olaraq polis ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Polis neqativ təzahürlərə qarşı barışmazdır, prinsipial mövqeyi ilə seçilir. Çünki, hər bir vətəndaş bilir ki, təhlükəyə məruz qaldıqda onun ilk ümid yeri polisdir. Vətəndaş buna da əmindir ki, onun müraciəti – şikayət, ərizə və təklif diqqətlə öyrənilir, zəruri tədbirlər görülür”.
Avtosfer.az saytının redaktoru Orxan Əli də çıxışında yol polisi əməkdaşlarını təbrik edib:
“Azərbaycanın polis əməkdaşları sıralarında xeyli sayda Milli Qəhrəman adına layiq görülənlər, habelə orden və medallarla təltif olunanlar var. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, həm də beynəlxalq standartlara uyğunlaşdırılır. Vətəndaşlarımızın asayişinin, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin keşiyində duran daxili işlər orqanları bu peşə bayramını da böyük ruh yüksəkliyi, mübariz əzmkarlıq və yüksək inam hissi ilə, həmçinin xidmətdə əldə etdikləri müsbət nəticələrlə qarşılayırlar.”
Sonda polis əməkdaşları göstərilən diqqətə və verilən dəyərə görə təşəkkürlərini bildiriblər.