Paşinyan: Putinə zəng etdim, Əliyev isə rədd etdi!
Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında II Qarabağ müharibəsinin gedişi zamanı aparılan müzakirələrin, eləcə də Təhlükəsizlik Şurasının 19 oktyabrdakı iclası, Rusya Prezidenti Vladimir Putinlə telefon danışığının detallarını açıqlayıb.
Paşinyan oktyabrın ikinci yarısında Qarabağdakı separatçıların lideri və Baş Qərargah rəisi ilə məsləhətləşdikdən sonra ağır güzəştlərlə atəşkəsə getmək barədə qərar qəbul etdiyini bildirib:
“Bu məqsədlə mən Təhlükəsizlik Şurasının iclasını çağırdım. Orada parlamentdəki müxalifətin nümayəndələri də iştirak edirdi. Mən onları məsuliyyəti bölüşmək üçün yox, məlumatlandırmaq üçün dəvət etmişdim. İclasda, həmçinin prezident və katolikos da iştirak edirdi”.
Paşinyan iclasdan sonra Rusiya Prezidentinə zəng etdiyini və Ermənistanın Azərbaycana Dağlıq Qarabağ ətrafındakı rayonları 5+2 formatında geri qaytarmaq təklifi ilə atəşkəs istədiyini söyləyib:
“Biz Rusiya Prezidenti ilə situasiyanı geniş müzakirə etdik və tam qarşılıqlı razılığa gəldik. Siz bilirsiniz ki, orada azərbaycanlı qaçqınlar məsələsi var idi. Mən dedim ki, əgər Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə bağlı olacaqsa, bizim bu məsələyə prinsipial etirazımız yoxdur”.
Onun sözlərinə görə, bundan sonra Rusiya Prezidentinin Azərbaycan Prezidentinə zəng etdiyini, nəticədə Bakının erməni tərəfinin Hadrutun geri qaytarılması, eləcə də Qarabağın statusu məsələsinin qaçqınların geri qayıtmasıyla bağlılığı təklifini rədd etdiyi bəlli olub. Paşinyan Bakının, həmçinin 5+2 formulunu qəbul etmədiyini, bütün 7 rayonun eyni anda geri qaytarılmasını tələb etdiyini deyib.
Paşinyan 2016-cı il aprel müharibəsinə iki ay qalmış ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistandan Dağlıq Qarabağa aralıq statusun təqdim edilməsi tələbindən imtina etməsini istədiklərini vurğulayıb. Baş nazir Azərbaycanın statusla bağlı mövqeyini mərhələli olaraq sərtləşdirdiyini və 2014-2015-ci ildən sonra onun mövqeyini həmsədrlərin də dəstəkləməyə başladığını söyləyib. O, həmsədrlərin tələbindən Ermənistanın imtina etdiyini və iki ay sonra İrəvanı bu tələbindən geri çəkilməyə məcbur edən müharibənin başladığını bildirib.
Paşinyan danışıqlar prosesində Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlı razılaşmanın olmasıyla bağlı insanların aldadıldığını da qeyd edib. O, referendum haqqında bəndin olduğunu, amma onun nə zaman və hansı ərazilərdə keçiriləcəyinin müzakirə edilmədiyini vurğulayıb.
Nikol Azərbaycanın səsvermənin bütün Azərbaycan daxilində keçirilməsini tələb etdiyini deyib.