Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulub

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün elan edilmiş müsabiqəyə yekun vurulmuşdur.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, müsabiqənin sonuncu mərhələsinə buraxılmış 102 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək üçün koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət edilməklə 2021-ci il aprelin 7-dən 14-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilmişdir.

Müsabiqənin nəticələrinə görə Azərbaycan Respublikası Baş Prokurorluğunun «İşin Təşkili Qaydaları» ilə müəyyənləşdirilmiş keçid balını toplamış 100 namizəd 19 aprel 2021-ci il tarixdən Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi 158) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet  səhifəsində(www.prokurorluq.gov.az,www.genprosecutor.gov.az) və «Qəbul otağı»nda yerləşdirilmişdir.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Hamısını Göstər

Related Articles

Back to top button