Qubada “Son zəng” şənliyi təşkil edənlər cərimələndi
Qubada “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olundular.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilən xüsusi karantin qaydalarını pozaraq rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb ediliblər.
Şöbə əməkdaşları tərəfindən rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimələniblər.
Həmçinin polis əməkdaşları tərəfindən həmin şəxslərlə və şagirdlərlə bir daha maarifləndirici söhbətlər aparılıb və onlara karantin qaydalarının tələbləri izah olunub.