XİN-dən Los-Ancelesdəki erməni vandalizminə kəskin reaksiya
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Los-Anceles şəhərində radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada Azərbaycan bayrağına bürüdülmüş müqəvvanın edam edilməsi səhnəsi ilə bağlı məsələyə münasibət bildirib.
XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mətbuata açıqlamasında bildirib ki, bu, kifayət qədər ciddi məsələdir:
“Bildiyiniz kimi, ilk dəfə deyil ki, radikal erməni qruplarının bu kimi nifrətə əsaslanan, hətta cinayət tərkibli əməlləri ilə üzləşirik. Xatırlatmaq istərdim ki, hələ ötən ilin iyul ayında yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarət yetirmişdilər.
Los-Anceles Polis İdarəsi azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılıqla bağlı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırma başlatmışdı, bu zorakılıqda iştirak edən iki nəfər saxlanılsa da, bu prosesdə xüsusi fəallıq göstərmiş digər iki nəfərin axtarışı hələ də davam edir.
Hadisədən 10 aya yaxın müddətin keçməsinə baxmayaraq, nifrət zəminində cinayətin törədilməsində şübhəli bilinən əsas şəxslərin tapılıb məsuliyyətə cəlb edilməməsi böyük təəssüf və təəccüb doğurur. Bununla bağlı tərəfimizdən qarşı tərəfə rəsmi narazılığımız bildirilib”.
“Göründüyü kimi, məhz cəzasızlıq səbəbindən, Los-Ancelesdə radikal ermənilərin nifrət zəminində cinayətlərinin növbəti təzahürünü görürük. Bu məsələ ilə bağlı ciddi narahatlığımız ABŞ-ın ölkəmizdəki səfirliyinə bir daha çatdırılacaq”, – deyə XİN rəsmisi əlavə edib.