Rusiya-Azərbaycan sərhədində nələr yaşanır?
Dünyada baş verən epidemioloji durum, aviauçuşların ləğv edilməsi, sərhədlərin bağlanması Rusiyada yaşayan azərbaycanlıların vətənə dönməsində çətinliklər yaratdı. Rusiya tərəfi 2020-ci il martın 27-dən sərhədləri bağladı.COVİD-19-un yeni-yeni yayılmağa başladığı mart ayının 18, 19, və 20-də Moskvadan Bakıya təşkil olunan çarter reyslər demək olar, boş yola salındı.
Kimi inanmırdı, kimi sərhədlərin müvəqqəti (5-10 günlük) bağlandığını deyirdi, kimi isə virusun törədəcəyi böhranı anlamaq istəmirdi.
Beləliklə, aviareyslər təxirə salındı, sərhədlər bağlandı. Günü-gündən Azərbaycana dönmək istəyənlərin sayında isə artım müşahidə olunmağa başladı. Çıxış yolu kimi insanlar yalnız quru yolu ilə Dərbəndə, yəni Rusiya-Azərbaycan sərhədinə üz tutdular. Beləliklə, axın başladı.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Azərbaycanlılarına müraciət edərək dedi ki, sərhəd-keçid məntəqəsinə gəlməyin, sərhədlər bağlıdır: “Azərbaycan Respublikası tərəfindən yaradılmış “MƏNVƏTƏNƏQAYIDIRAM” portalından istifadə edin ki, rahat şəkildə vətənə dönə biləsiniz”. Bunu eşidənlər də, eşitməyənlər də oldu.
Sərhəddə isə soydaşlarımız toplaşmağa başladı. Dərbənd şəhərində ictimai fəal və Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi Qani Panayev bu işlə yaxından məşğul olmağa başladı.
Sərhədə gələnlər qarşılandı və yerləşdirildi. Azərbaycanın Rusiyadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin səyi nəticəsində ilk dəfə aprel ayının 4-də 1 500 nəfər, daha sonra aprel ayının 19-da 548 nəfər sərhəddi kecərək Azərbaycana döndü.
Epidemioloji durumun davam etməsi, Rusiyada iş yerlərinin bağlanması və sərhəddən Azərbaycana keçməyin mümkünlüyü sərhəd keçid məntəqəsinə üz tutanların sayında daha bir dalğa yaratdı.
Mehmanxanalarda, şəxsi evlərdə, anqarlarda, xüsusi yaradılmış çadırlarda yerləşdirilən azərbaycanlıların ölkəmizə qayıtma məsələsi get-gedə daha da kəskinləşdi. İyun ayında yaşanan insident isə qayıdış məsələsini günün mövzusu etdi. Rusiya hüquq-mühafizə orqanları ilə azərbaycanlılar arasında yaşanan qarşıdurmada 93 soydaşımız saxlanıldı, onlardan 83 nəfəri buraxıldı, 10 nəfərin isə çinayət məhsuliyyətinə cəlb olunması tələb edilir.
Sərhəddə toplaşan soydaşlarlarımıza Rusiya azərbaycanlıları tərəfindən kömək bu gün də edilir. Sosial şəbəkələrdə xüsusi qruplar yaradıldı və qrup iştirakçılar imkanları çərçivəsində çətin vəziyyətdə olan həmvətənlilərimizə yardım etməyə başladılar.
Rusiya Azərbaycanlılar İttifaqının vitse-prezidenti Elnur Hüseynov “Report”un Rusiya bürosuna açıqlamasında bildirdi ki, hazırda sərhəddə Azərbaycana keçmək istəyən mindən çox soydaşımız var: “Son bir ayda Azərbaycana qayıdış sistematik hal alıb. Hər həftə 200-250 vətəndaşımız sərhədi keçərək ölkəmizə qayıdır. Buna baxmayaraq, sərhəddə toplaşanların sayı artır. Hər həftənin ikinci günü buraxılışın olduğunu bilən həmyerlilərimiz sərhədə üz tutur”.
Elnur Hüseynov bildirdi ki, sərhədlər bağlandıqdan bu yana quru və hava yolu ilə Azərbaycana 10 000-əyaxın soydaşımız təxliyə olunub: “Bu günə qədər 10 minə yaxın soydaşımız təxliyə olunub. Hazırda sərhəddə vəziyyət sabitdir. İlk vaxtlarda çətinliklər olsa da, bu gün artıq sərhəddə olan azərbaycanlılar xüsusi çadırlarda yerləşdirilib”.
“Mən Rusiyanın Omsk şəhərindən gəldim. İşimiz dayandı, Azərbaycana qayıtmaq üçün yeganə çıxış yolu kimi sərhədə üz tutdum. Bir az qazancımız vardı onu da burada xərclədik. Artıq iki aya yaxındır ki, Azərbaycana keçməyi düşünürəm”, – keçid məntəqəsində olan Xəyal adlı soydaşımız bildirdi.
Taleh adlı soydaşımız isə epidemioloji duruma qədər Rusiyanın Voronej şəhərində fəaliyyət göstərdiyini dedi: “Mən fəhlə adamam. İş olmadıqdan sonra Rusiyada qalmağın nə mənası var, qalmağa yer də yoxdur. İki aydan çoxdur ki, sərhəddəyəm. Bəzən dünən gələnləri buraxırlar, amma biz isə qalırıq. Belə olmaz”.
“Bəzilərinin burada vəziyyəti çox ağırdır. Xəstələr var, hətta bir nəfər burada vəfat etdi. Özü gedə bilmədi, amma cənazəsi Azərbaycana aparıldı. Oturub gözləyirik, kömək edənlərdən də Allah razı olsun”, – adının çəkilməsini istəməyən soydaşımız vurğuladı.