Rus əsgərləri Zəngəzura yerləşdi, səfir gəldi
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanın Gorus rayonuna səfər edib.
Rus səfir eyni zamanda Rusiya sülhməramlılarının Sisiandakı xüsusi aviasiya qrupunu, həmçinin 102-ci hərbi bazanın Gorusda yerləşdirilən qrupunu ziyarət edib.
Gorusda bölgənin meri ilə görüşən səfir Zəngəzur sərhədi ilə bağlı vəziyyətlə maraqlanıb. Kopırkin Rusiyanın müttəfiqlik öhdəliklərini yerinə yetirdiyini qeyd edib və merə rus hərbçilərinin Gorusda yerləşməsi üçün ortaya çıxan məsələləri operativ qaydada həll etdiyinə görə təşəkkür edib.
Gorus meri Aruş Aruşanyan isə Zəngəzurun təhlükəsizliyini təmin edən Rusiyaya minnətdarlığını bildirib.
Gorusda məktəblərin birində Son zəngdə də iştirak edən səfir burda rus dilinin tədrisi ilə maraqlanıb.
Qeyd edək ki, bir müddət öncə Rusiyanın 102-ci hərbi bazasının filialının Zəngəzurda açılması barədə qərar verilmiş, bunun üçün Rusiyaya böyük torpaq sahəsi ayrılmışdı. Hazırda 102-ci bazanın genişlənməsi adı ilə Rusiya Zəngəzurda daha bir bazanın formalaşdırılmasını həyata keçirir.