DTX “Baku Steel Company”də araşdırmalara başladı
Onun əsas adamı sorğulanır; bütün zavodlarında vergi yoxlamaları gedir…
“Baku Steel Company”nin rəhbəri Rasim Məmmədovun başı dərddədir. Onun nəzarətindəki bütün zavodlarda vergi və güc strukturlarının nümayəndələri araşdırmalar aparır. Həbslərin olacağı, illərlə inhisarda olan metallurgiya sahəsinin, nəhayət ki, məmur-oliqarx inhisarından çıxarılacağı gözlənilir.
Rasim Məmmədovun adı illərdir ki, mətbuat səhifələrindən düşmür. Onun digər sahibkarlara, Zülfüqarlı qardaşlarına məxsus zavodlara reyder hücumları, iş adamlarının əllərindən zavodların zor gücünə alınması, bununla kifayətlənməyərək müəssisələrdəki domna sobalarının sıradan çıxarılması, istehsal xətlərinin məhv edilməsi kimi əməlləri ümumilikdə bu sahədə durğunluq yaradıb. Rasim Məmmədovun Zülfüqarlı qardaşlarından zor gücünə aldığı zavodları lerikli çoban Gəray Məmmədovun adına keçirib onun arxasında gizlənməsi də yaddaşlardan silinməyib.
İllər öncə “Yeni Müsavat” əməkdaşları həmin çoban Gərayı Bakının Keşlə qəsəbəsinin ərazisindəki Şanxay yaşayış massivində, gecəqondu bir evdə aşkar etmişdilər. Çoban demişdi ki, onun bu işlərdən xəbəri yoxdur. Sadəcə, şəxsiyyət vəsiqəsini alıb hansısa sənədlərə imza atdırıblar. Aylıq da 200-300 manat pul verirlər ki, kirayə haqqını ödəyə bilsin. Qalan məsələlərdən onun xəbəri yoxdur. Bax, beləcə, Azərbaycanda metallurgiya sahəsi çobanların idarəçiliyinə “verilməklə” məhvə sürüklənib. Bu cür üsullarla, məhkəmə sistemindəki nüfuzlu dayağı hesabına Rasim Məmmədov iş adamlarına qarşı qanunsuzluqlarına qanuni “don” geydirə bilirdi.
“Xural TV”-nin rəhbəri Əvəz Zeynallının məlumatına görə, Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi “Baku Steel Compani” MMC-də (BSC) araşdırmalara başlayıb. Bu haqda yayılan xəbərlərdə araşdırmaların həm vergi məsələləri, həm də Rasim Məmmədovun uzun illərdir həyata keçirdiyi maxinasiyalarla bağlı olduğu deyilir. Məlumata görə, bir neçə ay əvvəl şirkət üzərində bütün rəsmi hüquqları əlindən alınan, sadəcə, zavodun rəhbəri kimi saxlanılan Rasim Məmmədov “Baku Steel Company”nin idarəçiliyindən də uzaqlaşdırılıb. Bundan əlavə, BSC-nin istehsalat müdiri Ramin Kərimov və maliyyə direktoru Çingiz Həsənovun hüquq-mühafizə orqanları tərəfindən sorğuya çəkildiyi bildirilir. Hətta birincinin 3 gün DTX-da saxlanıldığı da verilən məlumatlar sırasındadır. Bu haqda Əvəz Zeynallı canlı yayımda danışıb.
Məlumata görə, sözügedən dövlət qurumları eyni zamanda Rasim Məmmədovun nəzarətində olan Sumqayıt Boru Zavodunda da araşdırma aparır. İllərdir fəaliyyətdə olan bu zavodun külli miqdarda vergi borcu yaranıb. Belə ehtimallar var ki, dövlətə vergilərin ödənməməsi maliyyə çatışmazlığı ilə bağlı deyil. Sadəcə vergi ödəməməklə zavodun rentabelli olmadığı təəssüratı yaradılır və törədilmiş maxinasiyalar ört-basdır edilir. Hər halda bu iddialar ortalıqdadır və hazırda araşdırma predmeti olduğu qeyd olunur. Rasim Məmmədovun nəzarətində olan digər zavodların da külli miqdarda vergi borcunun yaranması bu ehtimalı gücləndirir.
Xatırladaq ki, “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə 601 510,18 manat borcu var. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verilən məlumata görə, bu şirkətlə yanaşı Rasim Məmmədovun Zülfüqarlı qardaşlarının əlindən zorla aldığı iddia edilən – “Baku Steel Construction” ASC-nin də (əvvəlki adı “Bakı Poladtökmə” ASC) 676 276,08 manat vergi borcu var. Beləliklə, 2 şirkətin ümumi borcu 1 milyon 277 min 786,26 manat təşkil edir. Nəzərə alsaq ki, ötən illər ərzində Rasim Məmmədovun nəzarətində olan zavodlar ölkənin metallurgiya sənayesini inhisarda saxlayıb, demək olar ki, bazara başqa şirkətlərin daxil olmasına imkan verməyib, belə külli miqdarda vergi borcunun yaranmasının iqtisadi əsaslarının olması şübhə doğurur. Böyük ehtimalla, ortada ciddi maliyyə maxinasiyaları var və dövlət orqanları həm də bunu araşdırır…
Onun artıq “Baku Steel Compani”yə əvvəllər olduğu kimi tez-tez gedib-gəlməməsində belə məqamların rol aldığı istisna edilmir. Sonuncu dəfə Rasim Məmmədov BSC-də ötən ay olub. Həmin vaxt “Baku Steel Company”yə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi əməkdaşlarının qəfil gəlişi Rasim Məmmədovu çaşqın duruma salıb. Rasim Məmmədov zavodda vergi əməkdaşları ilə görüşməkdən yayınıb və tələsik “Baku Steel Compani”ni tərk edib. Bundan başqa, məlumata görə, həm Sumqayıt Boruyayma Zavodu, həm də “Baku Steel Company” MMC bir çox şirkətlərlə bağladığı müqavilə öhdəliklərinə qəsdən əməl etmirlər. Bununla yanaşı, onları qara metal qırıntıları (metallom) ilə təchiz edən xeyli sayda insanın da borclarını ödəmirlər. Həmin şirkətlərin və borcunu tələb edən insanların bir neçəsinin məhkəmələrə iddialar verdiyi, eyni zamanda, dövlət qurumlarına müraciət edərək bu məsələlərin araşdırılmasını xahiş etdikləri də gələn məlumatlar sırasındadır. İddia olunur ki, araşdırmalar çərçivəsində Sumqayıt Boruyayma Zavodunun direktoru Bahadur Əliyev də bir neçə gün hüquq-mühafizə orqanları tərəfindən sorğulanıb. Bu sorğulamaların nəticəsi olaraq Bahadur Əliyev anlayıb ki, Rasim Məmmədovun mövqeyi sağlam deyil, məhz ona görə də istefa ərizəsini yazıb və işdən gedib. Bundan sonra Rasim Məmmədov Yaşar Abbasəliyevi Sumqayıt Boru zavoduna direktor təyin edib. Məlumatda Yaşar Abbasəliyevin bu vəzifəyə təyinatının təsadüfi olmadığı bildirilir. Abbasəliyevin Rasim Məmmədovun məhkəmələrdə himayə edən şəxslə qohumluq əlaqələri olduğu deyilir.
Məmmədovla dəstəkçinin qeyri-qanuni əməllərindən ən çox zərər çəkmiş sahibkarların sırasında ilk yerdə tanınmış iş adamları olan Zülfüqarlı qardaşlarıdır. “Xural TV”-nin məlumatına görə, Rasim Məmmədov təkcə zavodları deyil, qardaşlara məxsus olan digər ofis binalarını, istehsal sahəsini və dəyəri milyonlarla manat təşkil edən maşın və texnikaları, mal və materialları da qardaşların əllərindən zorla alıb. Həm də bunu açıq şəkildə – “reketliklə” ediblər. Belə ki, Rasim Məmmədovun mətbuatda da şəkilləri yayılan, “mühafizəçi” adı altında saxladığı silahlı dəstəsi Zülfüqarlı qardaşlarının zavodlarına silahlı basqın ediblər. Rasim Məmmədov Nurəddin və Loğman Zülfüqarlı qardaşlarını təhdid edərək, onlardan faizə işləməyi tələb edib.
Qardaşlar isə təbii ki, öz açdıqları zavodda faizə işləməyi qəbul etməyiblər. Bundan sonra isə heç bir günahları olmadıqları halda qardaşları həbs etdiriblər. Həbsxanada onlara təzyiq edərək bildiriblər ki, “ya ömür boyu həbsdə çürüyəcəksiz, ya da zavodları verib ölkəni tərk edəcəksiniz”. Qardaşları digər ailə üzvlərini də həbs etməklə şantaj ediblər. Nəticədə Zülfüqarlı qardaşlarını ağ kağıza qol çəkdirib, sonra da onların bütün əmlaklarını əllərindən alıb, ölkədən didərgin salıblar.
Yəni yalnız “Bakı Poladtökmə” ASC-ni və “Bakı Elektroştamp” ASC-ni deyil, Zülfüqarlı qardaşlarının bütün biznesini, təxminən 15-ə yaxın istehsal müəssisəsini, əmlaklarını əlindən alıblar. Minlərlə insan işsiz buraxılıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, Zülfüqarlı qardaşları bütün çətin zamanlarda Azərbaycan dövlətinin yanında olublar. Onlar vaxtilə mərhum prezident Heydər Əliyevin dəvəti ilə Moskvada işlərini buraxaraq, Azərbaycana gəliblər. Ölkədə azad sahibkarlığın inkişafı üçün böyük işlər görüblər. Bir çox zavodu, o cümlədən “Bakı Poladtökmə” ASC-ni və “Bakı Elektroştamp” ASC-ni, demək olar ki, tam yenidən qurublar. Törədilmiş bütün bu qanunsuzluqlarla bağlı qardaşlar məhkəmələrə bir neçə dəfə ayrı-ayrı iddialarla müraciətlər etsələr də, onların iddiaları əsassız olaraq rədd edilib. Əksinə, Rasim Məmmədovun heç bir əsasa və sübuta söykənməyən iddiaları isə dərhal təmin edilibdir və ədalətsiz qərarlar çıxarılıbdır.
Bu arada Rasim Məmmədov, barəsindəki həqiqətlərin ictimaiyyətə çatdırılmasının qarşısını almaq üçün də hərəkətə keçib. Ötən ay “Baku Steel Company”nin rəhbəri “Reaksiya TV”-nin rəhbəri Zaur Qəriboğluna, “Bakı Poladtökmə” zavodunun keçmiş direktoru Ramiz Əhmədov və keçmiş hüquqşünas Vahid Rəsulova qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Yasamal Rayon Məhkəməsi illər sonra Rasim Məmmədovun iddia ərizəsini ilk dəfə əsassız hesab edib. Ancaq elə həmin məhkəmədə Məmmədovun vəkilləri Nazim Əliyev və Abbas Abbasquliyev orada iştirak edən şəxslərin yanında bildiriblər ki, digər məhkəmələrdə istədikləri qərarı alacaqlar. Artıq bu istiqamətdə addım atılıb. Rasim Məmmədov Səbayel Rayon Məhkəməsinə mülki qaydada iddia verib.
Bu, R.Məmmədovun mətbuata qarşı ilk hücumu deyil. Belə ki, o, buna qədər “Yeni Müsavat” qəzetinə, “AzPolitika.info” saytına və başqalarına qarşı da iddia qaldıraraq, yüksək miqdarda təzminat tələb edib. R.Məmmədovun öz çirkin əməllərindən əl çəkməməsinin səbəbi himayəçisinin diktəsi ilə hakimlərin hər zaman onun istədiyi qərarları çıxarması ilə bağlıdır. Belə məhkəmə qərarlarından biri hazırda Ali Məhkəmədə icraatdadır…