Xankəndində gərgin dövr başladı: Etiraz aksiyaları, mitinqlər…

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra Xankəndində qalan separatçıların tör-töküntüləri arasında vəziyyət kəskinləşib.

Erməni media resurslarına istinadla bildirilir ki, iyunun 21-də Xankəndində olan bir qrup erməni mərkəzi meydana toplaşaraq baş separatçı Araik Arutyunyanın istefasını tələb ediblər.

Ermənilərin Araikə qarşı kəskin çıxışlarına səbəb onun iyunun 20-də seçki günü İrəvanda Paşinyanın lideri olduğu “Mülki müqavilə” partiyasının seçki qərargahında görünməsi olub. Xankəndinə toplaşan ermənilər Araikin dərhal istefa verməsini tələb ediblər.

Buna qarşılıq olaraq dünən Araik Xankəndində tərəfdarlarını mitinqə dəvət edərək onların qarşısında çıxış edib. Araik çıxışı zamanı “dialoq”a hazır olduğunu elan edib. Hərçənd ki, bunun özü Xankəndində məcburi yaşayam ermənilər daxilində ciddi fikir ayrılıqlarının və konfliktlərin olmasının isbatıdır.

Araik həmçinin onun istefasını tələb edən hərəkətləri şərh edərkən deyib ki, hər kəs “qanun”a tabe olmalı, qarşılıqlı anlaşma əldə edilməlidir. O, sayından, tərkibindən və siyasi motivindən asılı olmayaraq ermənilərin birgə olmasının vacibliyinə toxunub.

Araik Arutyunyan istefa verməməsinə səbəb kimi məsuliyyət hiss etməsini əsas gətirib, qeyd edib ki, istefasını tələb edənlərin xarabalıq altında qalmaması üçün bu addıma getməyəcək:

“Müharibə zamanı hər zaman qərargahında olmuşam. Müharibə dövründə 38 dəfə fərqli istiqamətlərə səfər etmişəm. Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq normal münasibətlər saxlanılmalıdır. Ermənistanla əməkdaşlıq olmadan 35 min erməninin iqtisadi problemlərinin həlli təsəvvür edilməzdir. İrəvana səfəri zamanı yalnız Paşinyanın seçki qərargahında olmamış, bir sıra siyasətçilərlə görüşmüşəm. Səhvlər var, buna görə üzr də istəyirəm, ancaq xəyanətlə ittiham olunmamı rədd edirəm”.

Hazırda Xankəndində iki erməni Arutyunyanın istefası tələbi ilə aclıq aksiyasına başlayıb.

Məlumat üçün qeyd edək ki, Xankəndində yaşayan ermənilər arasında gərgin vəziyyət hökm sürür. Qurma rejimin “təhlükəsizlik şurasının” katibi Vitali Balasanyan Araik Arutyunyanı istefaya göndərməklə onun yerini tutmağa çalışır. Xüsusilə İrəvanda Paşinyanın hakimiyyətə gəlməsi revanşistləri məcbur edir ki, Xankəndində Paşinyanın ən sadiq silahdaşı olan Arutyunyanı istefaya göndərərək burada mövqelərini gücləndirsinlər. Müşahidələr göstərir ki, həmin ərazidə qalan ermənilər daxili məsələlərini həll etmək üçün fəallaşırlar. Əgər Xankəndində separatçılar arasında çəkişmə açıq müstəviyə, silahlı qarşıdurmaya keçərsə, bu, bizim üçün ən münasib ssenari sayıla bilər.

Hamısını Göstər

Related Articles

Back to top button