“Rusun adamı” Təhlükəsizlik Şurasının katibi olacaq?

Ermənistanda Nikol Paşinyanın növbədənkənar seçkilərdə “Rusiyanın adamı” hesab edilən Robert Köçəryana  böyük fərqlə qalib gəlməsindən sonra onun Moskva ilə münasibətlərini necə quracağı barədə ekspert çevrələrində təxminlər yürütməyə çalışırlar. Məsələn, Carnegi Moskva Mərkəzinin bu günlərdə hazırladığı təhlildə deyilirdi ki, Paşinyan Rusiya ilə münasibətlərdə yol verdiyi səhvlərdən dərs çıxaracaq və indi daha ehtiyatlı, ölçülüb-biçilmiş münasibətlər quracaq. Çalışacaq ki, Moskvanı qıcıqlandırmasın, qəzəbləndirməsin.

Moskvanı qəzəbləndirən məsələlərdən biri isə, Paşinyanın 2018-ci ildə hakimiyyətə gələndən sonra öz komandasını birmənalı olaraq qərbyönümlü, yaxud Rusiyaya mənfi münasibəti ilə tanınan şəxslərdən (Moskvada bunları “sorosçular” adlandırırdılar) formalaşdırması idi. Lakin təcrübədən bəlli olduğu kimi, Rusiya keçmiş sovet respublikalarında əsasən güc strukturlarını öz adamları vasitəsilə nəzarətdə saxlamağa çalışır və bu baxımdan indi Paşinyanın yeni hökumət formalaşdırarkən bu yazılmamış qaydalara necə əməl edəcəyini izləmək lazım gələcək.

Erməni mətbuatında isə bu yöndə bəzi xəbərlər dolaşmaqdadır. Məsələn, “İravnuk” qəzetində yazırlar ki, müdafiə naziri Vaqarşak Arutyunyan tezliklə vəzifəsindən azad ediləcək və yeni vəzifəyə təyin olunacaq. Mənbələr onun Təhlükəsizlik Şurasının katibi postunda Armen Qriqoryanı əvəz edəcəyini deyirlər. Qriqoryan “sorosçudur” və iddia edilir ki, onun  əvəzlənməsində ruslar israr edir.

Vaqarşak Arutyunyan Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyətinin ardınca müdafiə naziri təyin olunub və Moskva ilə yaxşı əlaqələrə malikdir. Yeni müdafiə nazirinin kim olacağına gəldiksə isə, qəzet bu vəzifəyə əsas namizəd qismində vaxtilə “dqr müdafiə naziri” olmuş Samvel Babayanın adının çəkildiyini yazır.

Bəs Samvel Babayanın müdafiə naziri olması Rusiyada necə qarşılanardı? Bəllidir ki, Samvel Babayanı Moskvada heç xoşlamırlar və hətta ötən il, müharibədən aylar əvvəl onu Xankəndində “təhlükəsizlik şurasının katibi” adlı qondarma posta təyin edəndə xəbərlər yayılmışdı ki, Rusiyada bundan bərk narazı qalıblar. Hətta Samvelin Rusiyaya girişi qadağan edilib.

Müharibədən sonra isə Samvel Babayan məğlubiyyətə görə Rusiyanı günahlandırmağa çalışır. Məsələn, bu günlərdə deyib ki, 44 günlük müharibə zamanı Rusiya Ermənistanın əvvəlcədən pulunu ödədiyi silahların, məsələn, “Tor-M1” zenit-raket komplekslərinin təchizatını bilərəkdən gecikdirib. Məqsəd isə Babayanın dediyi kimi, Ermənistanın uduzmasına şərait yaratmaq idi. Habelə o, bildirib ki, oktyabrın sonlarında Rusiya 102-ci bazadan 6 “Buk” zenit-raket kompleksləri verməyə hazır idi. Amma heyətlər hazırlanıb texnikanı təhvil almaq üçün göndəriləndə məlum oldu ki, komplekslərdən beşi xarabdır. Rusiyadan təmir briqadası gətirilib, amma deyiblər ki, texnikanı ancaq noyabrın 10-dan sonra təmir edib təhvil verə bilərılər.

Bütün bunları nəzərə alaraq birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə tanınmış , kifayət qədər ziddiyyətli şəxs olan Samvelin Ermənistanda müdafiə naziri təyin olunması Paşinyanın Moskva ilə təxmin edildiyi kimi, daha rəvan münasibətlər formalaşdırmaq planlarına uyğun olmazdı.

Hamısını Göstər

Related Articles

Back to top button