Bakıda “yol vermə” mübahisəsinə görə Avtomobil Federasiyasının əməkdaşını döyüb öldürdülər
Daxili İşlər Nazirliyi Bakının Nərimanov rayonunda törədilən qətl hadisəsi barədə məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə iyunun 24-də saat 19 radələrində A.M.Cümə küçəsində “Chevrolet” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Məmmədovun, sərnişinləri N.Canıyev və M.Abıyevin xuliqanlıq zəminində Səxavət Məmmədovu döymələri nəticəsində onun hadisə yerində ölməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən K.Məmmədov, N.Canıyev və M.Abıyev saxlanılıblar. Faktla əlaqədar cinayət işi başlanıb.
xxx
Bakıda dünən günün günorta çağı küçənin ortasında döyülüb öldürülən yük maşını sürücüsü Azərbaycan Avtomobil Federasiyasının əməkdaşı olub. Bu barədə Federasiyanın yaydığı məlumatda deyilir.
Məlumata əsasən federasiyanın əməkdaşı Məmmədov Səxavət Səfər oğlu 24 iyun 2021-ci il tarixdə axşam saatlarında Azərbaycan Avtomobil Federasiyasına məxsus yük avtomobili ilə hərəkət edərkən Nərimanov rayonu ərazisində digər avtomobildəki tanımadıqları şəxslər tərəfindən hücuma məruz qalıb.
Federasiyaya məxsus yük avtomobili 20 Yanvar dairəsi yaxınlığında hərəkət edərkən digər avtomobildə olan şəxslərlə yol hərəkəti zəminində mübahisə baş verib. Daha sonra digər avtomobildəki şəxslər nəqliyyat vasitəsini Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsinədək təqib edib, avtomobilin qarşısını qanunsuz olaraq kəsib, zor tətbiq etməklə Səxavət Məmmədovu avtomobildən enməyə məcbur edib, ona və onun sərnişini olan Federasiyanın digər əməkdaşına hücum edərək ağır zərbələr endirib. Səxavət Məmmədov hadisə nəticəsində qətlə yetirilib. Hücum edən 3 nəfər şəxs idarə etdikləri avtomobili hadisə yerində qoyaraq qaçıb. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
“Səxavət Məmmədov ailəli və iki azyaşlı uşaq atası idi. Mərhum 2014-cü ildən Azərbaycan Avtomobil Federasiyasında çalışırdı. Peşəkarlığı, işgüzarlığı, mehribançılığı və təvəzökarlığı ilə kollektivin hörmətini qazanan Səxavət Məmmədov Federasiyanın nümunəvi əməkdaşlarından idi. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Avtomobil Federasiyası mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”,-məlumatda bildirilir.
***
Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. Hadisə Aşıq Molla Cümə küçəsində törədilib.