Vətən müharibəsində itkin düşmüş iki hərbçimizin şəhid olduğu müəyyənləşdi
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş daha iki hərbi qullquçusunun meyiti tapılıb.
Bu barədə Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətlərinin müəyyən olunmaqla doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
“Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə intensiv həyata kecirilmiş əməliyyat-istintaq tədbirləri, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə aparılmış müntəzəm iş nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması, şəxsiyyətlərinin müəyyən olunaraq meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub.
Bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilir ki, itkin düşmüş daha iki hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsrətov Elməddin Sərdar oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yunisli Elşən Fazil oğlunun meyitləri tapılaraq, şəxsiyyətləri müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır”, – deyə bildirilib.