“Hüququn mənbəyi həyatdır” – Məqalə
ƏHMƏD AĞAOĞLUNUN “HUKUK-İ ESASİYE DERS NOTLARI” KİTABI HAQQINDA QEYDLƏR
Nüfuzlu ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı və türkoloq Əhməd bəy Ağaoğlu (1869-1939) yaşadığı dövrün mühüm siyasi-hüquqi hadisələrinin şahidi olmuş görkəmli şəxsiyyətlərindən biridir.
Ə.Ağaoğlu Çar Rusiyasını, Üçüncü Fransa Respublikasını, Osmanlı imperiyasının İttihad və Tərəqqi dönəmini, Türkiyə Cümhuriyyətinin Atatürk dövrünü şəxsən görmüş və yaşamışdır. O, 1905-ci ildə Rusiya, 1906-cı ildə İran, 1908-ci ildə Osmanlı imperiyasında məşrutiyyətə keçid dövrünü izləyən, Birinci Dünya müharibəsinə, Rusiyada Oktyabr inqilabına və Osmanlı imperiyasının süqutuna şahidlik edən bir nəsildə yetişmişdir. İslam dini və onun təriqətləri, qərb ölkələrinin tarixini, zərdüştlüyü, şərq fəlsəfəsini dərindən bilən Ə.Ağaoğlu eyni zamanda, Sədi Şirazi, Nəsrəddin Tusi, o cümlədən, Monteskyo, Russo, Dugi, Darmsteter kimi fransız filosof və hüquqşünaslarının əsərləri ilə də yaxından tanış olmuşdur.
Azərbaycan, türk, osmanlı, rus, fars, ərəb, fransız və ingilis dillərini bilən bu görkəmli şəxsiyyət hüquq, siyasət, tarix, ədəbiyyat, jurnalistika və bir sıra digər sahələrdə özünü mükəmməl şəkildə yetişdirmişdir.
Ə.Ağaoğlunun həyatı və onun geniş diapazonlu fəaliyyəti haqqında nə qədər çox danışılsa və yazılsa da, bir o qədər də çox danışılmamış və yazılmamışdır. Bu isə təəssüf ki, onun keşməkeşli həyatının və bir çox dildə göstərmiş olduğu çoxşaxəli fəaliyyətinin hələ də geniş şəkildə tədqiqata cəlb edilməməsindən qaynaqlanır.
Biz, bu yazımızda onun bu günədək doğma dilimizə tərcümə olunmamış və Azərbaycan oxucusunun əksəriyyətinin demək olar ki, xəbəri olmayan “Hukuk-i Esasiye Ders Notları” adlı kitabı haqqında qısa şəkildə də olsa söhbət açmaq və bu kitab barədə məlumat vermək istərdik.
Hər şeydən əvvəl, qürur hissi ilə nəzərinizə çatdıraq ki, 1925-ci ildə fəaliyyətə başlayan Ankara Hüquq Məktə-bində konstitusiya hüququ adlı fənni “esasiye hukuku” adı altında ilk dəfə Əhməd bəy Ağaoğlu tədris etmişdir.
Ə.Ağaoğlunun hüquqşünaslıq ixtisasının tələbələrinə 1925-1926-cı dərs ilində birinci kursa, 1926-1927-ci dərs ilində isə ikinci kursa konstitusiya hüququ üzrə oxuduğu mühazirələri müvafiq olaraq 1926 və 1927-ci illərdə ərəb əlifbası ilə “Hukuk-i Esasiye Ders Notları” adı altında dərc olunmuşdur. Bu kitabın müasir Türkiyə türkcəsinə transliterasiya edilmiş mətni Boğaç Erozan tərəfindən hazırlanaraq 2012-ci ildə Koç Universiteti Yayınları tərəfindən çap edilmişdir.
Qeyd edək ki, Ə.Ağaoğlunun sözügedən fənni tədris etdiyi dönəmlərdə bu günkün-dən fərqli olaraq konstitusiya hüququ bir hüquq elmindən daha çox tarix, sosiologiya və siyasətlə daha yaxın bir elm idi. Lakin buna baxmayaraq, “Hukuk-i Esasiye Ders Notları” kitabında olan mövzular, mülahizələr və fikirlər bu gün də öz aktuallığını qorumaqdadır.
Kitabda demək olar ki, konstitusiya hüququnun predmetinə daxil olan şəxsiyyət, cəmiyyət və dövlətlə bağlı ən ali dəyərə malik olan məsələləri əks etdirən əsas mövzulara yer verilmiş, hakimiyyətin mənbəyi, suverenlik anlayışları və əlamətləri, dövlətin strukturu, hakimiyyətlər bölgüsü, qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının konstitusion təşkilinin xüsusiyyətləri, insan hüquq və azadlıqları kimi əsas məsələlər dövrünün dünya dövlətləri ilə müqayisəli şəkildə tədqiq edilmişdir.
“Müqəddimə, hüququn mənşəyi” adlı bölmə ilə başlayan kitabda müəllif hüququn meydana çıxma zərurətini “dünyanın hər tərəfində və tarixin bütün dövrlərində kütlə halında yaşayan bəşəriyyətin həyatını tənzimləmək və siyasi əsasa bağlamaq məcburiyyətini hiss etməsi” ilə əlaqələndirmiş və hüququn ortaya çıxmasının səbəbləri və mahiyyətini izah etmişdir. Ə.Ağaoğluna görə, “müxtəlif mühitlərdə hüququn forması və görünüşü dəyişir, xüsusi hallardan asılı olaraq hüquq təsirə məruz qalır, milli mahiyyət qazanmış olur. Lakin hüququ doğuran səbəb dünyanın hər tərəfində eynidir, dəyişməz. Buna görə də hüquq var oluşa aid bir hadisədir və bunun nəticəsidir ki, hüquq dünya tənzimləyicisi sayılır”.
Daha sonra müəllif hüququ meydana gətirən səbəbin mahiyyətinin nədən ibarət olmasına lakonik şəkildə belə cavab verir: “Hüququn mənbəyi həyatdır”. Ə.Ağaoğlunun sloqan xarakterli dərin məzmunlu bu ifadəsi həqiqətən böyük bir mətləbdən söhbət açır. Yaşam olmazsa, hüquqa da ehtiyac qalmaz. Ə.Ağaoğlunun fikrincə, hüquq elminin predmeti insanların iradəli davranışı və bu davranışın səbəb olduğu əlaqə və münasibətlərdir.
Maraqlıdır ki, Ə.Ağaoğlu “Hukuk-i Esasiye Ders Notları” kitabında bu gün də hüquq nəzəriyyəsində öz əhəmiyyətini qoruyub saxlayan hüquq sahələrinin təsnifatını aşağıdakı kimi vermişdir:
1. Fərdi (şəxsi) hüquq sahələri (müasir dövrdə bu “xüsusi (özəl) hüquq” termini ilə ifadə olunur – Y.X.). Buraya o, eyni ilə indi də qəbul edilən aşağıdakı hüquq sahələrini aid edirdi: mülki hüquq, sahibkarlıq hüququ, beynəlxalq xüsusi hüquq və s.
2. Hüquqi-ümumiyyə hüquq sahələri (müasir dövrdə bu “ictimai (publik) hüquq” termini ilə ifadə olunur – Y.X). Buraya isə o, hazırda da qəbul edilən aşağıdakı hüquq sahələrini aid edirdi: cinayət hüququ, inzibati hüquq, konstitusiya hüququ, beynəlxalq ümumi hüquq və s).
Dövlətin anlayışı, əlamətləri və mahiyyətinə toxunan Ə.Ağaoğlu kitabda belə yazırdı: “Dövlət konkret maddi mövcudluğu olmayan bir gerçəklikdir. Coğrafi nöqteyi-nəzərdən müəyyən bir ərazi üzərində yaşayanların hamısının müştərək mənfəətini təmsil edən zehni bir varlıqdır. Bu zehni və mücərrəd varlıq dövlətdir”.
Kitabda “konstitusiya” kəlməsinin mənşəyi və mənası izah edildikdən sonra bir elm kimi konstitusiya hüququna belə izah verilir: “Hukuk-i Esasiye – (“konstitusiya hüququ” – nəzərdə tutulur – Y.X.)” dövləti, dövlət mexanizminin müxtəlif hissələrini, bunların mahiyyətini, bir-birləri ilə əlaqələrini və aralarındakı üzvi ahənglə bir-birlərini tamamlayan məsələləri tədqiq edən bir hüquq elmidir”.
Kitabda “ilahi idarəçilik forması olan teokratiya” adlı başlıq altında müəllif “teokratiya” anlayışını nəzəri şəkildə nisbi olaraq şərq və qərb teokratiya növlərinə ayırmış və hər iki növü ayrı-ayrılıqda şərh etmişdir.
Kitabın “Milli suverenlik” başlığını daşıyan hissəsində təbii hüquq, xalq hakimiyyəti, suverenlik anlayışları, onların əlamətləri və hüquqi mahiyyəti barədə ətraflı məlumat verən Ə.Ağaoğlu sözügedən hüquq institutları ilə bağlı bu gün də öz əhəmiyyətini itirməyən görkəmli şəxsiyyətlərin – Qustav Hüqo, Tomas Hobbs, Şarl de Monteskyo, Con Lokk, Jan Jak Russo və başqalarının məşhur əsərlərində söyləmiş olduqları fikirləri və görüşləri sadə dillər diqqətə çatdırmışdır.
Seçki hüququ, referendum və onun növləri (məcburi və iradəyə bağlı və s.), plebisit, millət vəkilinin statusu, qanunun anlayışı və onun qəbulu prosedurası, dövlət başçısı və onun səlahiyyətləri, parlament üsul idarəsi barədə ayrı-ayrılıqda geniş şəkildə məlumat verən müəllif adı çəkilən hüquq institutlarını, onların hüquqi mahiyyətini və əhəmiyyətini izah etməklə yanaşı, müxtəlif dövlətlərin (ABŞ, Fransa, Almaniya, Norveç, İsveçrə, Belçika, Danimarka, Finlandiya, Yaponiya və s.) təcrübəsindən müqayisəli nümunələr gətirmişdir.
Məhkəmə hakimlərinin statusuna toxunan Ə.Ağaoğlu qeyd edir ki, “bu gün hakimlərin vəzifəyə gəlməsi ilə bağlı müasir dövlətlərdə iki üsul mövcuddur: birincisi, seçilmə, ikincisi isə icra hakimiyyəti tərəfindən təyin olunma”. Müəllifin fikrincə, “prinsip nöqteyi-nəzərindən seçilmə üsulu məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından daha uyğun və doğrudur”.
“Məhkəmə hakimiyyətinin müstəqilliyini ən mükəmməl tərzdə təmin edən formanın juri üsulu” (andlı iclasçılar – Y.X.) olduğunu dilə gətirən Ə.Ağaoğlu bu üsulun ilk dəfə Romada meydana gəldiyini, sonralar təqlid yolu ilə olmasa da, yenidən İngiltərədə zühur etdiyini və oradan da bütün Avropaya yayıldığını bildirmiş, məhkəmələrin fəaliyyətində onların iştirakı və hüquqi əhəmiyyətinə aydınlıq gətirmişdir.
Maraqlı məsələlərdən biri də odur ki, müəllif kitabda “hakimiyyətlər bölgüsü” prinsipi əvəzinə “hakimiyyətlər birliyi” prinsipinin tətbiqini, ikidərəcəli seçki sistemini və qanunverici orqanda təmsil sistemini ciddi tənqid etmişdir. Ə.Ağaoğlu, əlində hakimiyyət olan hər bir adamın onu sui-istifadə etməyə meyilli olduğunu əsas gətirərək hakimiyyətlər bölgüsü prinsipini müdafiə edirdi. O, millət vəkillərinin birbaşa seşicilər tərəfindən deyil, “ikinci [dərəcə] seçicilər” vasitəsilə seçilməsinin konstitusiyaya uyğun olmadığını açıq bir şəkildə qeyd edirdi.
Ə.Ağaoğlunun “Hukuk-i Esasiye Ders Notları” kitabı hazırda nəinki hüquqşünaslar və hüquqşünaslıq ixtisasının tələbələri üçün, eyni zamanda, tarixçilər, siyasətçilər, sosioloqlar, filosoflar və digər peşə sahibləri üçün də oxunması son dərəcə vacib olan dəyərli mənbələrdən biridir. Bu baxımdan ümid edirik ki, adıçəkilən kitab ən qısa zamanda doğma dilimizdə öz oxucularının görüşünə gələcək.
Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi