Rusiya sərhədçiləri Azərbaycanla həmsərhəd kəndlərdə postlarını artırır
Rusiyanın sərhəd qoşunları Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətinin daha bir neçə kəndində öz postlarını yerləşdirməyə hazırlaşır. Bu barədə jurnalistlərə Tavuş vilayətinin Azatamut kəndinin rəhbəri Artur Beqinyan deyib.
“Bir neçə gün əvvəl Azatamut kəndinə 2 Rusiya sərhədçisi gəldi, onlar öz postlarını yerləşdirmək üçün ərazini nəzərdən keçirdilər. Hələlik onların harada yerləşdiriləcəyi həll olunmayıb. Hazırda kənddə müvəqqəti olaraq 2 Rusiya sərhədçisi var və onlarla birlikdə gələn, erməni millətindən 10 texniki işçi işləyir. Postun yerləşdirilməsi işləri başlayanda onlara təxminən 50 nəfərlik şəxsi heyət də qoşulacaq”,-kənd icmasının rəhbəri bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya sərhədçiləri Tavuş vilayətinin Əskipara kəndində yerləşiblər. Bu kənd Qazax rayonunun hazırda işğal altında olan Aşağı və Yuxarı Əskipara kəndləri arasında yerləşir. Kənddə Rusiya sərhədçilərinin yerləşdirilməsi Ermənistanda belə təxminlərə yol açmışdı ki, bütün bunlar Qazaxın 90-cı illərin əvvəllərində işğal altında düşmüş kəndlərinin qaytarılmasına hazırlıqdır. Lakin Ermənistan hakimiyyəti Rusiya sərhədçilərinin yerləşdirilməsinin sərhəd boyu yaşanan eskalasiyanın bu ərazilərə keçməsinin qarşısının alınması məqsədi daşıdığını deyir.
Artur Beqinyan bildirir ki, Berd rayonunun sərhədyanı kəndlərindən başlayaraq Rusiya sərhədçilərinin Ayqepar, Paravakar, Ayqehovit, Berkaber, Koti və Dovex (Qazax və Tovuz rayonları ilə həmsərhəd) kəndlərində də yerləşdirilməsi gözlənilir. Kənd rəhbəri Rusiya sərhədçilərinin niyə yerləşdirildiyi haqda suala baş nazir Nikol Paşinyandan sitat gətirməklə cavab verib. Paşinyan demişdi ki, Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhədçilərinin postları yerləşdirilməlidir.