Baydenin əfqan faciəsi: ABŞ-ın imici “Əfqanıstan bataqlığı”nda boğulur
Ağ Evin “xaos planı” Orta Asiyanı yeni terrorizm məkanına çevirə bilər; ABŞ vaxtilə Rusiya və Çini gücləndirəcək enerji marşrutunu əngəlləmişdi, indi yeni İpək Yolu layihəsi qarşısında “xaos divarı” hörməyə çalışır…
Əfqanıstanda baş verən hadisələr hazırda dünyanın əsas gündəm mövzusudur. İndi hər kəs bu ölkədə yaşanann hərbi-siyasi faciəni seyr etməklə məşğuldur. Həm də kimsənin müdaxilə etməyə gücü və cəsarətinin olmadığı müşahidə olunur.
Taliban Hərəkatı uzun illərdən sonra yenidən Əfqanıstanın bütün ərazisinə tam nəzarəti ələ keçirib. Əfqanıstanda hakimiyyət də artıq Talibana təhvil verilib. Yəni, bundan sonra Əfqanıstan ilə ikitərəfli münasibətlər qurmaq istəyən dövlətlər Talibanla anlaşmalı olacaq.
Maraqlıdır ki, hazırda Əfqanıstandan böyük köç prosesi başlayıb. ABŞ və NATO hərbi bazalarının çıxarılmasına başlandıqdan sonra bu ölkəni milyonlarla insan tərk edib. Talibanın hakimiyyəti ələ keçirtməsi ilə bu proses daha da sürətlənib. Və bunun özü də olduqca ziddiyyətli məqamdır.
Belə anlaşılır ki, Əfqanıstanda Talibanı qəbul etməyən milyonlarla insan varmış. Ancaq qəribə də olsa, bu insanlar qalıb, mübarizə aparmaq əvəzinə ölkəni tərk etməyə üstünlük verirlər. Halbuki say etibarilə ilə Talibandan qat-qat üstün olduqlarından hətta ölkələrini müdafiə edə, qalib də gələ bilərdilər.
Hətta Əfqanıstan ordusu belə, Talibanın qarşısında döyüşsüz təslim oldu. Bu həmin Əfqanıstan ordusudur ki, ABŞ illərlə hərbi təlim keçmişdi, ən müasir döyüş texnikası ilə silahlandırmışdı. Və iddia olunurdu ki, bu ordu Əfqanıstanı xarici müdaxilədən qoruya bilər.
Ancaq Əfqanıstan ordusunun hərbi hissələri Taliban ilə ilk toqquşmada ya ABŞ-ın verdiyi ən müasir silahları atıb, qonşu Orta Asiya ölkələrinə qaçdılar, ya da elə könüllü şəkildə təslim oldular. Əgər, bu ordu qorumalı olduğu ölkəni məhz indi müdafiə etməyəcəkdisə, ABŞ onu niyə yaratmışdı? Yəqin ki, indi Ağ Evdə bu suala cavab verməyə həvəs göstərə biləcək kimsə tapılmaz.
Məsələ ondadır ki, Əfqanıstanda nə baş verdiyini, hansı planların işə salındığını Ağ Evdə hamıdan yaxşı bilirlər. Ona görə də, yəqin ki, indi susmaq onların maraqlarına daha çox cavab verir. Və Ağ Evin törətdiyi heç kimdə ciddi şübhə doğurmayan “əfqan faciəsi” sonrakı nəticələri ortaya çıxdıqca onsuz da bütün suallar öz cavabını tapmağa başlayacaq.
Vaxtilə Taliban Əfqanıstana nəzarət edirdi. Qəddar qanunlarla da olsa, bu ölkədə bir idarəçilik sistemi yaratmışdı. Və Əfqanıstan əhalisi də ölkənin durumunu qəbul edib, həyat şərtlərini ona uyğunlaşdırmışdı.
Ancaq Ağ Evdə kimlərsə qərara gəldilər ki, əfqan xalqını bu zülmdən xilas etmək lazımdır. Əfqanıstana ABŞ demokratiyasını gətirməyin vaxtı çatıb. Və “demokratiya ilə silahlanan” ABŞ NATO-nu da yanına alıb, Əfqanıstanda yerləşdi.
Bununla belə, əfqan xalqı bu illər ərzində heç vaxt demokratiya ilə tanış olmadı. ABŞ sadəcə, əfqan xalqı adından özünün vassalını – prezidentini “seçdi”. İndisə onu və yaxın ətrafını da yanına alıb, Əfqanıstanı qaçaraq, tərk edir.
Çünki Ağ Ev Əfqanıstandakı hədəflərinə böyük ölçüdə artıq nail olub. “Demokratiya gətirmək” bəhanəsi ilə girdiyi bu ölkədən Rusiyanın Çin sahillərinə uzanacaq enerji marşrutu layihəsini əngəlləyə bilib. Bundan sonra Əfqanıstanda qalmaq isə ABŞ-ın beynəlxalq maraqlarına zərbə vura bilər.
Məsələ ondadır ki, ABŞ-ın 30 ilə yaxın həmsədrlərindən biri olduğu Minsk Qrupu ilə nizamlanmasını əngəllədiyi Cənubi Qafqaz münaqişəsi artıq Azərbaycan ordusu tərəfindən həll edilib. Nəticədə Cənubi Qafqazda Avropa və Asiyanı birləşdirəcək yeni geostrateji marşrutun önü açılıb. İndi Avropa ölkələri Çin də daxil olmaqla, Asiya dövlətləri ilə daha sərfəli marşrut üzrə iqtisadi-ticari əməkdaşlıq şansı qazanıblar. Və bu, ABŞ-ın strateji maraqlarına qətiyyən cavab vermir.
Ona görə də, vaxtilə beynəlxalq terrorizmə qarşı mübarizə şüarlarının sədaları altında özü ilə Əfqanıstana gətirdiyi NATO-nu da götürüb, Əfqanıstandan tez-tələsik çıxır. Yəqin ki, hazırda Ağ Evdəkilərə Əfqanıstanda beynəlxalq terrorizmin kökünün kəsilib-kəsilmədiyi barədə sual verməyə heç kim həvəs göstərməz. Çünki bu sualın cavabı onsuz da hamıya məlumdur. Hər halda, ABŞ və NATO indi bu ölkədən gedərkən, vaxtilə Əfqanıstana girmək üçün terrorizmdə ittiham etdiyi Talibana hakimiyyəti könüllü, həm də böyük həvəslə təhvil verir.
Böyük ehtimalla ABŞ-ın yeni planlarının nəticələri tezliklə ortaya çıxmağa başlayacaq. Yəqin ki, tezliklə Əfqanıstanda hakimiyyətini möhkəmləndirəcək Taliban Orta Asiya ölkələrində vəziyyəti gərginləşdirməyə çalışacaq. Və Orta Asiya tədricən yeni beynəlxalq terrorizm məkanına çevriləcək. Ardınca Rusiyanın Orta Asiya ilə sərhəd bölgələri də bu yeni terrorizm məkanının təsir dairəsinə düşəcək.
Təbii ki, Kremldə hadisələrin belə inkişafının qaçılmazlığını artıq anlayırlar. Ona görə də, Əfqanıstan ilə qonşu olan ölkələrə KTMT çərçivəsində Rusiya qoşun birləşmələri yeridilməyə başlanıb. Yəni, Kreml gözlənilən terrorzm dalğasını Rusiya sərhədlərindən daha uzaqda qarşılamağa çəhd göstərir. Halbuki, Orta Asiya ölkələri daxilində Talibanın uzun illərdən bəri “yatmış hücrələr”inin də mütləq oyadılacağı şübhə doğurmadığından Kremlin öz istəyinə nail ola biləcəyi o qədər də inandırıcı görünmür.
Göründüyü kimi, ABŞ öz maraqları üçün girdiyi Əfqanıstanı elə yeni hədəfləri naminə tərk edir. Bu ölkəyə girərkən Rusiya və Çini gücləndirəcək enerji resursları marşrutunu əngəlləmişdi. İndi çıxarkən də yeni İpək Yolu layihəsinin qarşısına “xaos divarı” hörməyə çalışır. Çünki ABŞ-ın strateji maraqları xaosdan qidalanır.
Beləliklə, ABŞ-ın yeni “xaos planı” artıq işə salınıb. Bundan onlarla ölkə və milyonlarla insan zərər çəkə bilər. Elə ABŞ-ın özü də ziyandan qismətinə düşən payı almalı olacaq. Hər halda, Bayden administrasiyasının ssenariləşdirdiyi “əfqan faciəsi” yalnız başqa ölkələrin və milyonlarla günahsız insanın fəlakətə sürüklənməsi ilə yekunlaşmayacaq. Bu, həm də ABŞ-ın beynəlxalq imicinin “Əfqanıstan bataqlığı”nda boğulması ilə də nəticələnə bilər.
Elçin XALİDBƏYLİ