Türkiyədə bir neçə gəmi eyni anda yandırıldı: Meşə yanğınlarının terror olduğu isbat edilir
Türkiyədə turistləri daşıyan taxta konstruksiyalı bir neçə gəmi eyni anda yandırılıb.
Musavat.com xəbər verir ki, hadisə avqustun 3-ü, Türkiyə vaxtilə saat 23:30 radələrində Alaniya şəhərinin Türklər kəndində baş verib.
Hadisə şahidləri Musavat.com-a gəmilərin qəsdən yandırıldığını bildirib. Hadisə yerində olan azərbaycanlı turistin bildirdiyinə görə, yanğınsöndürənlər yanğına müdaxilə edə bilməyiblər və alov böyük miqyas alıb. Sui-qəsdçilərin yanğını törətmək üçün seçdikləri vaxt isə kapitanların gəmidə olmadığı saatlar olub. Buna görə də gəmilər ərazidən uzaqlaşa bilməyiblər. Taxta gəmilərdən sadəcə biri yanğından yayına bilib.
Xatırladaq ki, iyulun 28-dən başlayaraq Türkiyədə meşə yanğınları baş verirdi. Türkiyənin fərqli kurort bölgələrində baş verən bu meşə yanğınlarının terror aktı olduğuna dair iddialar var. Gəmi yanğınları da bu iddianı xeyli dərəcədə möhkəmləndirir və inandırıcı edir.
***
Qeyd edək ki, Türkiyənin “Haber Türkiye” telegram səhifəsi də gəmi yanğınının videosunu paylaşıb və qeyd edilib ki, Alaniya şəhərinin Türklər kəndində 3 səyahət gəmisi yanır. Yanğının səbəbi hələ ki, məlum deyil.