Şevçenko: “Ermənistandan Qarabağa silah və hərbçilərin göndərilməsi, ilk növbədə, Putinin mövqeyini sarsıdır”
“Rusiya prezidenti Qarabağla bağlı aydın və dəqiq mövqeyini ifadə edib. Bu mövqe ondan ibarətdir ki, Qarabağ Azərbaycan ərazisidir. Rusiyanın Ali Baş Komandanının nitqindən başqa mövqe eşidilməyib. Ona görə də Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə Ermənistandan silah və hərbçilər göndərilməsi separatçıların və terrorçuların dəstəklənməsidir”.
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı tanınmış jurnalist, siyasi ekspert Maksim Şevçenko bildirib.
M. Şevçenko Ermənistandan sülhməramlıların nəzarəti altında olan ərazilərə silah və hərbçilərin göndərilməsini həm də Azərbaycanın, o cümlədən Rusiya Prezidenti tərəfindən dəfələrlə təsbit olunan suverenliyinin pozulması kimi qiymətləndirdiyini söyləyib:
“Hesab edirəm ki, Ermənistandan sülhməramlılarının nəzarəti altında olan ərazilərə silah və hərbçilərin göndərilməsini hansı lobbiçi qrupların etdiyini araşdırmaq lazımdır. Araşdırmaq lazımdır ki, hansı qruplar bunu edir və niyə edirlər? Rusiyanın siyasi isteblişmentində hərbçi qrupların, erməni lobbiçiləri qrupunun bunu etdiklərini araşdırmaq lazımdır. Dövlət Dumasında Zatulin, Milonov kimilərin rəhbərlik etdiyi erməni lobbiçi qrupların bunu təbliğ etdiklərini yaxşı bilirik. Sözsüz ki, Ermənistandan Qarabağa silah və hərbçilərin göndərilməsi, ilk növbədə, Rusiya Prezidentinin mövqeyini sarsıdır”.
M. Şevçenko Rusiyanın siyasi isteblişmentində müxtəlif qrupların mövcud olduğunu söyləyib:
“Misal üçün, hərbçilər qrupu hər zaman müharibənin tərəfindədir. Xüsusi ilə də generallar. Əsgərlər müharibədə həlak olurlar, generallar isə varlanırlar. Belə bir məsəl var, müharibə nə qədər uzun çəksə, bir o qədər çox general olar. Həm də döyüş meydanında generalları ölüm təhdid etmir. Təbii ki, Rusiyada Cənubi Qafqazda, xüsusilə də Qarabağda vəziyyətin sülh, sabitlik yolu ilə inkişafında maraqlı olan qüvvələr də var. Bu qüvvə infrastruktur layihələrinin, Zəngəzur dəhlizinin açılmasının tərəfdarı olanlardır”.
Rusiyalı ekspertin fikrincə, bu gün Ermənistan vətəndaşlarının mövqeyi sülhdür:
“Əks halda Nikol Paşinyanın yenidən seçkilərdə qələbə qazanmasını başqa cür izah etmək mümkün deyil. Bu gün Ermənistan xalqı sülh istəyir. Lakin Ermənistanda kriminal-cinayətkar bir qrup var ki, onlar müharibə ilə bağlıdırlar. Onların biznesi Ermənistanın və erməni xalqının təcrid olunmasından keçir. Onların məqsədi Ermənistanı növbəti avantürist təxribata çəkməkdir. Məhz bu qrup Ermənistan-Azərbaycan sərhədində və sülhməramlıların nəzarəti altında olan ərazilərdə hərbi-terrorçu fəaliyyətlə məşğuldur. Bu qrup həm də Ermənistanın suverenliyinin, erməni xalqının təhlükəsiz mövcudluğunun əleyhinədir. Bu qrup işğal dövründə Azərbaycan ərazilərinin sərvətlərindən milyardlar qazanıb. İndi həmin milyardlardan məhrum olunublar. Qarabağ üzərində Azərbaycanın statusu bərpa olunub. Ona görə də həmin qrup indi hər bir təxribata, hər bir cinayətkar fəaliyyətə hazırdır. Hesab edirəm ki, indi hər kəs ayıq-sayıq olmalıdır. Düşünürəm ki, Bakı ilə İrəvan arasında diplomatik münasibətləri qurmaq vaxtıdır. Addım-addım “Zəngəzur dəhlizi” layihəsini və müxtəlif tipli birgə, Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya iqtisadi inteqrasiya layihələrini həyata keçirmək lazımdır. Hesab edirəm ki, Ermənistan vətəndaşları birgə iqtisadi layihələrə cəlb edilməlidir. Çünki insanlar bir-biri ilə ticarət edəndə artıq savaşmaq istəmirlər. Nə qədər ki, bunlar baş verməyib, terrorçular və təxribatçılar “tonu təyin edəcəklər”. Mənə elə gəlir ki, zaman gələcək ermənilər özləri bu terrorçu qruplardan xilas olacaqlar. Çünki hər zaman əli silahlı insandan asılı olmaq Ermənistanın suverenliyi üçün təhlükədir”.
M. Şevçenko Moskva ilə Bakı arasında regionun inkişafı ilə bağlı heç bir fikir ayrılığının olmadığını da qeyd edib:
“Düşünürəm ki, hazırda Rusiya ilə Azərbaycan arasında baş verənlər fikir ayrılığı deyil. Bu, öz mövqelərinin möhkəmləndirilməsi oyunudur. Azərbaycan Rusiya üçün mehriban və etibarlı qonşu və tərəfdaşdır. Rusiyanın cənub sərhədində yerləşən Samur keçid məntəqəsindən ticarət axını tam sürətlə həyata keçirilir. Bu, Rusiyanın sərhədlərində azsaylı açıq olan yerüstü dəhlizdir ki, heç bir sanksiya və məhdudlaşdırılmalarla üzləşməyib. Rusiyanın bütün Avropa ilə – Polşa, Ukrayna, Finlandiya – hamısı ilə dəhlizi faktiki olaraq bağlıdır. Ona görə də, demək olar ki, Rusiyanın Azərbaycanla münasibətləri eksklüzivdir, tamamilə açıqdır. Mənə elə gəlir ki, bu münasibətlərin perspektivi var. Ona görə də, düşünürəm ki, bu gün Moskva ilə Bakı arasında baş verənlər əldə olunan razılaşmaların dəqiqləşdirilməsi və mövqelərin möhkəmləndirilməsidir. Bu, düşmənlərin deyil, bir-birinə simpatiya bəsləyən tərəfdaşların oyunudur. Bu oyunda həm Bakı, həm də Moskva möhkəm mövqelər əldə etməyə çalışır”.