Bundesverin təhlükəli missiyası: iki hərbi-nəqliyyat təyyarəsi əvvəlcə Bakıya endi… – Cəmi 7 nəfəri qaçıra biliblər
“Taliban” hərəkatının Kabili tutması Almaniya Müdafiə Nazirliyi üçün də gözlənilməz olub və Bundesverin Əfqanıstandan alman vətəndaşlarını, habelə NATO koalisiyası ilə əməkdaşlıq etmiş əfqanları təxliyə etmək üçün çox az vaxtı qalıb. virtualaz.org alman KİV-lərinə istinadən xəbər verir ki, Almaniyanın Müdafiə Nazirliyi ötən gün Kabilə A400M hərbi nəqliyyat təyyarəsini göndərib, amma almanlar adları təxliyə siyahısında olanlardan cəmi 7 nəfəri götürə bilib.
Hakim Xristian-Demokratlar İttifaqından deputat Yohan Vadeful “Bild” qəzetinə açıqlamasında bu məlumatı təsdiq edib və deyib ki, onları sayı cəmi 7 nəfər -beş Almaniya, bir Hollandiya və bir Əfqanıstan vətəndaşı olub.
“Təyyarənin heyətinin aeroportu tərk etmək üçün cəmi 30 dəqiqə vaxtı qalırdı. Biz orada kim varsa ancaq onları götürə bildik. Çünki adları təxliyə siyahısında olanların hamısını aeroportdan götürmək mümkün deyildi, əvvəla heç bir əminlik yox idi ki, təyyarə aeroporta enə biləcək. Digər tərəfdən adamları aeroporta çatdırmaq mümkün deyildi”,-o bildirib.
Bundesverdəki mənbələr isə deyiblər ki, təyyarə Kabil üzərində beş saat dövrə vurub və yanacağı bitmək üzrə idi. Almaniya Hərbi Hava Qüvvələrinin başqa nəqliyyat təyyarəsi isə əvvəlcə Daşkəndə enib və yanacaq götürdükdən sonra Kabilə uçub. Daha iki A400M hərbi nəqliyyat təyyarəsi isə Aşağı Saksoniya əyalətindən havaya qalxaraq Bakıya enib. Planlaşdırılır ki, onlar əvvəlcə Əfqanıstandan Özbəkistana alman vətəndaşlarını və əvvəl Bundesverə işləmiş əfqanları təxliyə edəcəklər. Daha sonra Daşkənddən Almaniyaya uçacaqlar.
O da bildirilir ki, Almaniyaya məxsus ikinci təyyarə Kabil hava limanından təqribən 120 nəfəri təxliyə edə bilib. Bu məlumatı “Bild” yayıb. Məlumata əsasən, təxliyə edilənlər arasında Almaniya və NATO-ya üzv digər ölkələrin vətəndaşları olub. Ekipaj üzvləri oturacaqların və təhlükəsizlik kəmərlərinin olmasına baxmayaraq, təyyarəyə nə qədər adam yerləşirsə bir o qədər insan qəbul etməklə bağlı razılıq əldə ediblər.
Müdafiə naziri Anneqret Kramp-Karrenbauer bildirib ki, təyyarələrlə Əfqanıstana təxliyə prosesinin təhlükəsizliyini təmin etmək üçün əsgərlər aparılıb. Lakin təxliyə prosesinin necə keçəcəyi məlum deyil, çünki hazırda Kabil aeroportunda xaotik vəziyyət hökm sürür. Üstəlik aeroporta aparan yollarda “Taliban” postlar qurub və bu postlardan ancaq xarici vətəndaşlar buraxılır.