Xaricdəki soydaşlarımızın milli birliyi hansı xainləri və niyə qıcıqlandırır?

Əslində son iki günə qədər hər şey yaxşı idi. Tovuz təxribatından sonra ölkə daxilində və xaricində bütün azərbaycanlılar bir yumruq kimi birləşdilər. Ermənilərin Los-Ancelesdə Azərbaycan konsulluğu və ardınca Brüsseldə səfirliyimiz qarşısında həyata keçirdiyi vandallıq aktına ümumxalq reaksiyası möhtəşəm idi. 

Dünyanın müxtəlif ölkələrində azərbaycanlılar erməni təxribatına qarşı səfərbər oldular. Hətta elə vəziyyət oldu ki, hakimiyyət rəhbərliyi xaricdəki azərbaycanlılara müraciət edərək təxribatlara uymamaq, zorakılıqlara getməmək çağırışı etdi. Çünki artıq Rusiyada və daha bir neçə ölkədə qarşıdurmalarla bağlı siqnallar vardı. 

Amma sonra hər şey dəyişdi. Milli birlik və vahid düşmənə qarşı qəzəb ənənəvi mövzuya – daxili didişməyə döndü. Keçmiş səfir Arif Məmmədovun Avropadan, jurnalist Sevinc Osmanqızının ABŞ-dan etdiyi çıxışlar məsələni daxili siyasətin üzərinə gətirdi. Hər ikisinin “arqumenti” də çox bəsitdir: Bu məsələni qızışdıran hakimiyyətdir. A.Məmmədova görə, hakimiyyət bununla diqqəti erməni məsələsinə yönəltmək və daxili problemlərdən yayındırmaq istəyir. Hər iki şəxs oxşar fikir səsləndirdi. Onların sözlərindən belə çıxdı ki, Los-Ancelesdəki və Brüsseldəki aksiyaları Azərbaycan dipolomatiyası təşkil edib və bu zaman az saylı azərbaycanlı ermənilər tərəfdən döyülüb. 

Belə çıxır ki, erməni sayca çox olacaq deyə azərbaycanlılar etiraz etməməlidir? Yəni burada günahkar azsaylı və köməksiz azərbaycanlıları yerə yıxıb döyən erməni deyil, bu aksiyanı təşkil edən tərəfdir. Aydındır ki, bu, ziyanlı və hətta xəyanət deyiləcək bir mövqedir. Bu aksiyalar bir tərəfdən xaricdəki azərbaycanlıların vətəni ilə həmrəyliyini nümayiş etdirməklə yanaşı, baş verən zorakılıqlar ermənilərin necə qəddar və vəhşi olduğunu bütün dünyaya və elə azərbaycanlıların özlərinə bir daha xatırlatdı. 

Reaksiyalardan da görünür ki, A.Məmmədovun məsələni Azərbaycan dövləti və xüsusi xidmətlərin üstünə atması erməniləri sevindirib. Çünki bu, sabiq də olsa Azərbaycan diplomatının açıqlamasıdır, bu “fakt” gələcəkdə ermənilər üçün hava və su kimi lazım olacaq. Amma tək ermənilərə deyil, yəqin ki, bu sifarişi verən digər qüvvələrə də…  

Əlbəttə, xalq heç zaman düşüncə olaraq bir bütün ola bilməz. Bu mənada hansısa azərbaycanlının pasifist, ermənilərlə azərbaycanlılara sülh, zorakılıqdan çəkinmək çağırışı etməsini anlamaq olar. Nəticədə insanların fərqli düşünməsi, necə deyərlər, normaldır. Amma Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda erməni mövqeyini müdafiə etmək, baş verən erməni cinayətini görməzdən gəlib, günahı Azərbaycan hakimiyyətinin üzərinə atıb, ölkəni çətin vəziyyətdə qoymaq artıq xəyanətdir. Bunun başqa yozumu yoxdur. 

Yeri gəlmişkən, ötən gün sosial şəbəkələrdə və saytlarda Avropada yaşayan Camal Əlinin Belçikada toplanan azərbaycanlılar barədə polisə məlumat verməsi haqda xəbərlər yayıldı. Sanki komanda verilmiş kimi…

Məsələnin daxili siyasət mövzusuna endirilməsi, azərbaycanlıları və dövlətin ittiham olunması nəticə etibarı ilə Azərbaycanın zərərinədir. Azərbaycan bir dəfə ötən əsrin sonlarında bu cür siyasi çəkişmələr səbəbindən torpaqlarını itirib. İkinci dəfə eyni səhvi təkrarlamaq olmaz. Unutmaq olmaz ki, Qarabağ və erməni məsələsində birliyin əldə olunmaması nəticədə düşmənin qələbəsinə səbəb olur. Bu mövzuda hakimiyyəti hədəfə alan çıxışlar nəticə etibarı ilə Azərbaycan dövlətinə dəyir, necə ki, zamanında dəydi. 

Görünür ki, son hadisələr fonunda yaranan milli birlik, vahid mövqe xaricdə o qədər də xoş qarşılanmayıb. Son günlər qəfildən “diaspor müxalifətinin” fəallaşaraq hakimiyyəti ittiham edən, amma nəticə etibarı ilə milli birlik elementlərini baltalayan çıxışları da bu narahatlığın təzahürüdür. 

Son Tovuz hadisələri və dörd il əvvəl Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqını istisnasız olaraq bir araya gətirən, birləşdirən yeganə mövzu Qarabağ və işğal olunmuş torpaqlardır. Bu mövzunu heç bir halda siyasi mübarizə predmetinə çevirmək olmaz. Nə ölkə daxilində, nə də xaricdə… Əksinə, bu cür düşünən və buna cəhd edənləri ifşa, ictimai rəydən təcrid etmək lazımdır. 

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button