“Qəbula gələnlərlə bağlı deyirdi ki, qoltuğuna qarpız verib yola saldım…” – Abutalıbovun keçmiş aparat rəhbəri daha nələr dedi?
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin cinayət işi növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə keçmiş Aparat rəhbəri ifadəsini davam etdirib. “Vəzifə səlahiyyətlərini aşmamışam, heç kimdən pul almamışam. Bu ittiham əsassızdır”,-o deyib.
Xatırladaq ki, R.Quliyev Bakının D.Əliyeva küçəsində tarixi binanın sökülməsinə, yerində “FF-2011” şirkəti tərəfindən çoxmərtəbəli binaların tikintisinə icazə verilməsinə dair qanunsuz sərəncam verməkdə günahlandırılır.
“Bu şirkət 2018- ci ilə qədər işləyib, tikinti aparıb. Bundan mənim xəbərim olmayıb. Sənədlər mənə Memarlıq və Şəhərsalma Baş İdarəsinin o vaxtki baş memarı Akif Abdullayev tərəfindən təqdim olunub. Hansı ki, bu insan qəbuluna gələn vətəndaşlar haqqında deyirdi ki, “qoltuğuna qarpızı verdim, yola saldım”. Aparat rəhbəri olaraq sənədləri qəbul etmişəm. İşlərin 80 faizini Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi görüb. Bu işdə mənim səlahiyyətim olmayıb. Ümumiyyətlə, Dilarə Əliyeva, 141 ünvanında tarixi və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasından məlumatsız olmuşam. Sənədlər mənə imzalanmaq üçün verilib. Amma sonradan iş materiallarından mənə məlum oldu ki, orada söküntü tam deyil, sadəcə bir divarın sökülməsi ilə bağlı olub, əksər sakinlər köçürülüb. MTK onlarla müqavilə bağlayıb, köçürməni təmin edib. İcarə hüququ ilə bağlı isə icarə müqaviləsi məndən əvvəl bağlanıb”,-Rasim Quliyev belə deyib.
Keçmiş Aparat rəhbəri bir daha deyib ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ona müavin işinin yükünü həvalə etməklə bağlı düzgün olmayan sərəncam verib: “Sərəncama əsasən rəhmətə gedən müavinin səlahiyyətləri müvəqqəti olaraq mənə həvalə olunub. İcra başçısı yalnız iş yükünü mənə həvalə edib. Mənim başqa səlahiyyətim olmayıb. Mən onun e.mail ünvanına baxıb ona gələn məktub və müraciətləri aidiyyəti üzrə yönləndirmişəm. Müavin kimi nə əmək müqaviləm olmayıb, nə də bu vəzifənin əmək haqqını almamışam. Yalnız Aparat rəhbəri maaşını almışam. İcra başçısının mənə müavin səlahiyyətlərini müvəqqəti icra etmək barədə verdiyi sərəncamın özü də düzgün tərtib olunmayıb. Çünki sərəncamda göstərilməyib ki, mənim vəzifəm nədir”.
R.Quliyev məhkəmədə sabiq icra başçısı Hacıbala Abutalıbov barəsində də danışıb. O, bildirib ki, H. Abutalıbov baş nazirin müavini olsa da, gündəlik icra hakimiyyətinə gəlib-gedib: “Yüksək rütbəli şəxs öz vəzifəsindən aşağı bir quruma gəlirsə, kabinetdə olursa, bu nə deməkdir? O deməkdir ki, mənim səlahiyyətlərim olmayıb. Mən ehtimal edirəm ki, H. Abutalıbov həmin dövrdə də hansısa formada icra başçısı səlahiyyətlərini icra edib”.
Heç bir şirkətə zərbə vurmadığını iddia edən R. Quliyev deyib ki, ona qarşı irəli sürən Cinayət Məcəlləsinin 314.2-3 cü maddəsi də əsassızdır: “Hər hansı şirkətə zərbə vurmamışam. O tikinti işlərində heç bir rolum olmayıb. Dilarə Əliyeva, 141 ünvanındakı mədəniyyət abidəsinə mənim işlədiyim vaxtdan əvvəl zərər dəyib. Həmin ünvanda yaşayan sakinlər var, onlar bilirlər ki, həmin abidəyə mən vəzifə səlahiyyətlərini icra etməmişdən əvvəl ziyan dəyib. İcra başçısı vəzifəsini də hər hansısa formada Hacıbala Abutalıbov həyata keçirib. Mən isə yalnız müavinin elektron poçtuna baxmışam, başqa səlahiyyətlərim olmayıb. Sizdən xahiş edirəm ki mənim barəmdə həbs qəti imkan tədbirini ev dustaqlığı ilə əvəz edəsiniz. Mən həbsxanadan olduğu kimi evimdən də məhkəməyə gəlib gedə bilərəm”.
Dövlət ittihamçısının suallarını cavablandıran R.Quliyev deyib ki, 2017-ci ilin avqustunda Bakı şəhər İcra Hakimiyyəti başcısının müavini Rauf Pənahov vəfat etdiyindən səlahiyyətlərin icrası müvəqqəti olaraq ona həvalə edilib: “Sentyabrın 20-də Bakı şəhər İcra Hakimiyyətinin başçısının sərəncamı ilə onun iş yükü mənə həvalə olunub. Daha sonra icra başçısı Baş nazirin müavini təyin olundu və həmin müvəqqəti sərəncam da ləğv edilmədi. Mən müavin səlahiyyətlərini icra etməmişəm. Çünki Hacıbala Abutalıbov müavin təyin etmək səlahiyyəti yox idi. Ona görə də səhv sərəncam verib”.
Məhkəmə prosesi sentyabrın 6-da davam edəcək.