Bakıda “Qanlı göl” ətrafında insan sümükləri tapılıb
Bakının Yasamal rayonunda 3 ədəd insan skeleti aşkar olunub.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, “Qanlı göl”ün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələri aşkar edilib.
Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.
İş üzrə məhkəmə-tibb ekspertiza təyin edilib.
Faktla bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.