Paşinyandan Zəngəzur mesajı – Azərbaycana bu şərti qoydu
“Paşinyanın mövqeyində mən nikbinlik görməyə tələsməzdim”.
Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.
Ekspert bilirib ki, Paşinyan Eyvazlı və Çayzəminin de-yure Azərbaycan olması faktını Ermənistanın sabiq rəhbərliyinin ayağına yazıb:
“Nikol Paşinyan əslində çıxışı ilə həm ölkədaxili siyasi rəqiblərinin, həm də Azərbaycanın üzərinə gedib. Diqqət yetirin ki, Paşinyan kəndlərin adını olduğu kimi qeyd etdikdən sonra bu yerlərin Azərbaycana aid olmasına şərait yaradan ərazi-administrativ bölgüsü haqda qanunu xatırladıb. Həmin qanun isə 2010-cu ildə Serj Sarqsyanın dövründə qəbul edilib. Başqa sözlə, Paşinyan kəndlərin de-yure Azərbaycan olması faktını Ermənistanın sabiq rəhbərliyinin “səriştəsizliyi” ilə əlaqələndirib.
Baş nazirin çıxışını kontekstdən çıxarmasaq, görərik ki, onun Azərbayana da üstüörtülü ismarıcı var. Paşinyanın fikrincə, Azərbaycanın Gorus-Qafan yolunun Azərbaycana aid hissəsindəki fəaliyyəti Ermənistanın öz ərazisindən heç bir dövlətə dəhliz verməyəcəyi ilə bağlıdır ki, Azərbaycan sərt mövqeni İrəvanın prinsipiallığının qarşılığında nümayiş etdirir. Azərbaycan gömrükçülərinin, polisinin Gorus-Qafan yolundakı fəaliyyətini misal gətirən Paşinyan onu da əlavə edib ki, istənilən dövlətin suveren ərazisindən başqa dövlətə gedən nəqliyyat vasitələri bu instansiyalarla üzləşəcək. Bununla da, o, təkrarən Naxçıvanı birləşdirəcək yola münasibətdə öz baxışlarını sərgiləmiş olub”.
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin son iclasında deyib ki, “Ona görə Eyvazlı və Çayzəmi deyirəm ki, bunlar Ermənistan ərazisi deyil”. Paşinyan daha sonra Gorus-Qafan avtomobil yolundakı son vəziyyətlə bağlı danışarkən “9 noyabr və 11 yanvar tarixli razılaşmalarda Ermənistan üzərindən dəhlizin təmin edilməsi haqqında bənd yoxdur” fikirlərini səsləndirib.