Qarabağ müharibəsinin ardınca: Rusiya tankları “Harop”lardan qorunacaq?

Rusiya ordusu tankların müdafiəsi üçün nəzərdə tutulan yeni vasitəni silahlanmaya qəbul edib. virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 3VD35 sursatı tankların yuxarı yarımsferasını (qüllə hissəsini)  yüksək dəqiqlikli tank əleyhinə raketlərdən, o cümlədən “Javelin” raketlərindən və kamikadze-dronlardan qorumaq üçün nəzərdə tutulub. Bu haqda “Rostex” dövlət korporasiyası bildirir.

Məlumata görə, tanka təhdid yarananda sursat partlayır, aerozol buludu şəklində maneə yaradır və nəticədə tank əleyhinə raketlərin hədəfə yönləndirilməsini pozur. Döyüş sursatı tankların lazer, istilik və optik yönləndirmə sistemlərinə malik raketlərdən qorunması üçündür.

“Rostex” bildirir ki, döyüş sursatı tankın daha nazik zireh təbəqəsinə malik olan yuxarı yarımsferasını qoruyur. Tankların bu hissəsi zərbə PUA-larının və yeni nəsil tank əleyhinə raketlərin hücumu üçün daha zəif nöqtədir.  “Rostex”in silahlar, döyüş sursatları və kamikadze-dronlar klasterinin direktoru Bekxan Ozdoyev deyib ki, sursat tankları o cümlədən aviasiya zərbə vasitələrindən də qoruyur. Hərçənd bu deyilənlərin nə dərəcədə düzgün olduğuna dair videosübutlar yayılmayıb.

Bildirilir ki, 76 millimetrlik döyüş sursatını Mərkəzi elmi-tədqiqat maşınqayırma institutu işləyib hazırlayıb, ağırlığı 1.8 kiloqramdır.

Qeyd edək ki, 44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun silahlanmasında yer alan İsrail istehsalı “Spike” tank əleyhinə raketləri və “Harop”, “Sky Striker” və digər kamikadze-dronlar Ermənistan ordusunun tanklarına göz açmağa imkan verməyib. O cümlədən “Bayraktar TB2” özünün lazerlə yönləndirilən  MAM-L və MAM-C raketləri ilə çoxsaylı düşmən tankını məhv edib.

Bu müharibə aparıcı ölkələrin hərbi mütəxəssisləri tərəfindən təhlil edilərkən belə qənaət irəli sürülürdü ki, yeni nəsil müharibələrdə tankların və digər zirehli döyüş maşınlarının rolu kəskin zəifləyib. Çünki nə qədər maskalansalar da tankları onların tırtıllarının buraxdığı izlərlə aşkar edib kamikadze-dronlarla məhv etmək mümkündür. O cümlədən Rusiya ordusunda bu müharibənin nəticələrini təhlil edirlər və göründüyü kimi, tankları yüksək dəqiqlikli raketlərdən, kamikadze-dronlardan qoruya bilmək üçün yeni vasitələr üzərində baş sındırırlar…

Hamısını Göstər

Related Articles

Back to top button