İsveçrə də Fransanı “aldatdı”: Paris daha bir iri sifarişdən məhrum oldu
İsveçrə və Fransa prezidentləri arasında planlaşdırılmış görüş ləğv edilib.
Buna səbəb Bernin fransız deyil, ABŞ təyyarələrini tərcih etməsi olub.
Caliber.Az xəbər verir ki, İsveçrə qəzetləri “Le Matin Dimanche” və “SonntagsZeitung” məhz müvafiq qərarın ardından Fransa tərəfinin təşəbbüsü ilə ölkə prezidenti Makronun isveçrəli həmkarı və iqtisadiyyat naziri ilə bu ilin noyabrında keçiriləcək danışıqlarının ləğv olunduğunu bildirir.
Məlumata görə, İsveçrə 36 ədəd “Lockheed Martin F35A” təyyarəsinin alınması barədə qərarı hələ iyun ayında qəbul edib. Buna baxmayaraq, ölkənin müdafiə nazirliyi “Rafale” təyyarələrinin istehsalçısı olan Fransanın “Dassault” şirkətilə aparılan danışıqları davam etdirib.
İsveçrənin İqtisadiyyat Nazirliyi Makronla görüşün keçirilməyəcəyini təsdiq etsə də, onun isçi qrafikinin tərtibatının hələ başa çatmadığını vurğulayıb.
Qeyd edək ki, bu xəbər Fransa ilə ABŞ və Avstraliya arasındakı gərginliyin meydana gəldiyi bir zamanda yayılıb.
Xatırladaq ki, bugünlərdə rəsmi Kanberra fransız sualtı qayıqları əvəzinə ABŞ-ın atom silahlı anoloji məhsullarını tərcih etdiyini açıqlayıb.