Ərdoğan-Putin görüşündə sürpriz olacaq – Marçilyano
Türkiyə və Rusiya prezidentləri arasında baş tutacaq görüşdə masada çoxsaylı isti mövzular olacaq. Ancaq əsasən Suriya və dramatik vəziyyətdə olan Əfqanıstan müzakirə ediləcək.
Bu sözləri Axar.az-a İtalyanın geosiyasi analitik və beynəlxalq araşdırmalar üzrə düşüncə mərkəzi “Il Nodo di Gordio”nun baş elmi işçisi Andrea Marçilyano Türkiyə və Rusiya liderlərinin Soçi görüşü haqda danışarkən deyib:
Mütəxəssisin sözlərinə görə, bu, Qafqazın kənarda qalacağı anlamına gəlmir:
“Həqiqətən də, Moskva ilə Ankara arasındakı gələcək münasibətlər tam olaraq Azərbaycan və Ermənistan arasındakı münaqişə probleminə dair razılaşmadan asılıdır. Hər iki liderin istədiyi Qafqazla bağlı sazişin əldə olunmasıdır. Çünki bu öz növbəsində Suriya ilə bağlı razılaşmanın, hər şeydən əvvə isə Əfqanıstanda əməkdaşlığın əsasını qoya bilər”.
Ekspertin fikrincə, Türkiyənin Qafqazdakı hərbi mövcudluğunu genişləndirməsi Rusiya tərəfindən çətinliklə qəbul ediləcək:
“Ancaq Putinlə Ərdoğan arasındakı münasibətlər yaxşıdır, çünki o vaxt çevriliş cəhdi ilə bağlı Türkiyə prezidentinə xəbərdarlıq edən Kreml idi. Buna görə də bəzi sürprizlər qeyri-mümkün deyil, çünki Moskva Türkiyəni ABŞ orbitindən çıxarmağa çalışır”.
İtalyan mütəxəssisin sözlərinə görə, Soçi görüşü çoxlarının gözləmədiyi bir formada da bitə bilər:
“Bu görüş sürpriz bir nəticə ilə, Moskva-Ankara dialoqunun daha da güclənməsi ilə də nəticələnə bilər. Çünki hazırki vəziyyətdə bu, hər iki tərəfə lazımdır, ikisinin də maraqlarına uyğundur. Buna ikinci bir səbəb isə Ərdoğanın Vaşinqtona inamsızlığı ola bilər”.