Türkiyə ordusu bu dəfə pilotsuz yerüstü maşınları silahlanmaya daxil etdi – Pilləkənləri qalxır, suda üzür, hər cür maneəni aşır, kəşfiyyat və müşahidə aparır…

Türkiyənin hərbi sənayesi pilotsuz döyüş sistemlərinin işlənib hazırlanması və tətbiqi sahəsində daha bir  nailiyyət ortaya qoyub. Ötən gün Türkiyənin Milli Müdafiə Nazirliyi özünün rəsmi Twitter səhifəsindən “ACROB” pilotsuz yerüstü maşınların (insansız kara araçları-İKA) quru qoşunlarının silahlanmasına daxil edildiyini açıqlayıb.

Məlumatda deyilir ki, “Acrob” İKA-ları döyüş əməliyyatları zamanı personal arasında itkilərin azaldılması, təhlükəli, girilməsi mümkün olmayan bölgələrdə kəşfiyyat və müşahidə aparılması, düşmən atəşi altındakı riskli bölgələrdə döyüş vəzifələrinin daha asan yerinə yetirilməsi üçün nəzərdə tutulub.

Bu robotlar suda üzmək, çətin maneələri dəf etmək, pilləkənlərlə qalxmaq qabiliyyətinə malikdir, uzaqdan komanda ilə idarə olunur.

Yerüstü pilotsuz maşın Ankarada mənzillənmiş “Elektroland Defense” firması tərəfindən işlənib hazırlanıb. Beləliklə, Türkiyə öz silahlanmasına yerüstü insansız sistemləri daxil olan bir neçə ölkədən biri olub.

“Elektroland Defense” firması həmçinin “Acrob” robotlarının əllə atıla bilən, kəşfiyyat və müşahidə aparılması üçün nəzərdə tutulmuş mini versiyasını da işləyib hazırlayıb. Bu robotlar 600 metrə qədər məsafədən idarə edilə bilir, 5 kiloqram ağırlığındadır və çətin keçilən relyeflərdə, sığınacaqlarda, mağaralarda hərəkət edir.

Xatırladaq ki, Türkiyə pilotsuz uçan aparatlar və döyüş PUA-ları sahəsində sürətlə dünya liderlərindən birinə çevrilməkdədir.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button