“Azərbaycan əsgərləri, zabitləri düşməni yerinə oturtdular” — İlham Əliyev
“Əlbəttə, bu gün mən çox sevinirəm ki, bizim gənclərimiz biliklidir, savadlıdır, vətənpərvərdir. Bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində erməni silahlı təxribatının qarşısını alarkən Azərbaycan əsgərləri, zabitləri, – onların mütləq əksəriyyəti gənclərdir, – öz peşəkarlığını, cəsarətini göstərdilər, düşməni yerinə oturtdular. İmkan vermədilər ki, düşmən öz mövqelərini yaxşılaşdırsın. İmkan vermədilər ki, bizim torpaqlarımıza onların ayağı dəysin”.
Bu fikirləri Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: “Bildiyiniz kimi, Azərbaycanın düşmənə layiqli cavab verməsi və beynəlxalq ekspertlərin ümumi rəyinə görə qələbənin qazanılması cəmiyyətdə ruh yüksəkliyini daha da artırdı. Yenə də ön sıralarda gənclər olub. Mən bu ayın ortasında Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bir həftə keçməmiş 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdu və özlərini könüllü olaraq Vətəni qorumaq istəyən insanlar kimi orada qeydiyyata aldırdılar. Bir həftə ərzində 50 mindən çox insan.
Mən demişəm ki, Azərbaycan Ordusu tam komplektləşdirilib və bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur. Ancaq əgər ehtiyac olarsa, bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır”.
“Bilirsiniz, bu hadisələr Ermənistanın faşist mahiyyətini, onların qorxaq xislətini bir daha göstərdi. Çünki birinci dəfə deyil ki, təcavüzkar döyüş meydanında məğlubiyyətə uğrayandan sonra dinc əhaliyə qarşı hərəkətə keçir. Bizim kəndlərimiz atəşə tutulmuşdur. Namərdlərin bu atəşi nəticəsində 76 yaşlı ağsaqqal həlak olmuşdur. Bu, vəhşilikdir. Müharibəni ordular, əsgərlər, könüllülər aparır. Ancaq bizim mənfur qonşumuz müharibəni dinc əhaliyə qarşı aparır, necə ki, Xocalıda soyqırımı törətmişdir, günahsız işanları – uşaqları, qadınları qətlə yetirmişdir. Xocalıda 613 insan düşmən tərəfindən öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. Bu insanların “günahı” o idi ki, onlar azərbaycanlı idi. Bu amil erməni millətçilərinə kifayətdir. Bu insanlar əliyalın mülki vətəndaşlar idi. Erməni quldur dəstələri bundan və o vaxt hakimiyyətin zəif olmasından istifadə edərək xalqımıza qarşı vəhşi cinayət, soyqırımı törətmişlər. Eyni addımları bu dəfə də atmaq istəyirdilər. Yoxsa dinc əhalini bombalamağın, artilleriya ilə, minomyotlarla atəşə tutmağın səbəbi nədir? Yenə də deyirəm, onlar döyüş meydanında acizliyini görərək ən çirkin əməllərə əl atırlar. 2016-cı ilin Aprel döyüşləri də məhz bu ssenari əsasında təşkil edilmişdir. O vaxt da Ermənistan tərəfindən zəbt edilmiş mövqelərdən kəndlərimiz müntəzəm olaraq atəşə tutulurdu. Azərbaycan Ordusu çox böyük peşəkarlıqla əks-hücum əməliyyatı keçirərək zəbt olunmuş strateji yüksəklikləri geri qaytardı və düşməni qaçmağa məcbur etdi. Tovuz rayonunda baş vermiş hadisələr də həmin ssenarinin təkrarıdır. Biz bunu bilməliyik. Bilməliyik ki, hansı xislətə malik olan qonşu ilə üz-üzəyik. Heç vaxt bunu yaddan çıxarmamalıyıq! Heç vaxt Xocalı soyqırımını yaddan çıxarmamalıyıq və çıxarmayacağıq! Biz düşmənə növbəti dəfə sarsıdıcı zərbə vurandan sonra yenə də gördük ki, onlar nə qədər acizdirlər və heç özləri-özlərinə hörmət etmirlər. Dərhal üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına – KTMT-yə üz tutdular, onlardan yardım istədilər. Mən demişəm, bir daha demək istəyirəm ki, KTMT-nin bu işlərə heç bir aidiyyəti yoxdur, ola da bilməz. Çünki Ermənistan təcavüzkardır. Onların əsas məqsədi məhz bu idi – dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək. Onların çirkin məqsədləri bundan ibarət idi və bu çirkin oyunlara KTMT-nin üzvlərini cəlb etmək istədilər, amma alınmadı. KTMT heç bir bəyanat vermədi, məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verdi. Ancaq baxın, Azərbaycanı neçə ölkə dəstəklədi. Birincisi, hər kəs yaxşı bilir və mütəxəssislər bilirlər ki, bu münaqişəni törədən Ermənistandır. Bir daha demək istəyirəm ki, bizim Ermənistan ərazisində hər hansı bir marağımız yoxdur. Orada bizim hərbi hədəflərimiz yoxdur və beynəlxalq ictimaiyyət də bunu çox yaxşı bilir. Məhz buna görə və təkcə buna görə yox, ümumiyyətlə Azərbaycanın artan nüfuzuna görə bir neçə beynəlxalq təşkilat açıq şəkildə bizi dəstəklədi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası beş ölkədən ibarətdir. İslam Əməkdaşlıq Təşkilatı 57 ölkədən ibarətdir. Qoşulmama Hərəkatı 120 ölkədən ibarətdir. Bir sıra ölkələr, ilk növbədə, qardaş Türkiyə Azərbaycana birmənalı dəstək verdi. Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan artıq bir neçə dəfə bu məsələ ilə bağlı çox açıq, kəskin və prinsipial mövqe nümayiş etdirdi. Bu, bir daha göstərir ki, Türkiyə və Azərbaycan hər zaman olduğu kimi, bir yerdədir, yaxşı günlərdə də, çətin günlərdə də. Biz bir-birimizə arxalana bilərik və bizim gücümüz birliyimizdədir. Bax, bu beynəlxalq təşkilatlar və bir neçə ölkə, onların rəsmi şəxsləri bəyanatlar verərək Azərbaycana dəstək göstərdilər.
O ki qaldı, KTMT-yə onu da bildirməliyəm ki, bu təşkilatın altı üzvündən dördü beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar vasitəsilə Azərbaycanı dəstəklədi. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür. Qazaxıstan və Qırğızıstan, eyni zamanda, KTMT-nin üzvüdür. Deməli, KTMT-nin iki üzvü Azərbaycanı bu təşkilat vasitəsilə dəstəkləyir. Belarus Qoşulmama Hərəkatının üzvüdür. Qoşulmama Hərəkatının bəyanatı, o cümlədən Belarusun mövqeyidir. Tacikistan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İslam Əməkdaşlıq Təşkilatı bu sərhəd münaqişəsi ilə bağlı açıq mövqe ortaya qoyub. Yəni, dörd ölkə artıq Azərbaycanın yanındadır və Ermənistanı kim dəstəklədi? Mən görmədim, gözümə sataşmadı. Bir də ki KTMT-nin üzvləri Ermənistanın indiki rəhbərliyini necə dəstəkləyə bilər?”, – Prezident İlham Əliyev bildirib. (“Report” )