Azərbaycanda yanğında iki nəfərin ölməsi ilə bağlı cinayət işi başlandı
İyulun 31-də saat 12 radələrində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında baş verən yanğın nəticəsində 1959-cu il təvəllüdlü Nizami Qanbayev və 1970-ci il təvəllüdlü Cahangir Zeynalovun ölmələri barədə məlumat daxil olub.
Siyəzən Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə yerinə prokurorluq, polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti və hal şahidlərinin iştirakları ilə baxış keçirilib.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə məhkəmə-tibb, məhkəmə-yanğın ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.