Ermənistanın İranla dəhliz yaratmaq planı belə çökdü

“İran-Azərbaycan münasibətlərində müşahidə olunan müsbət meyillər Azərbaycanın haqlı tərəf olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan güclü dövlətdir. Ölkəmiz özünün bütün hüquqlarını qorumaq, dost və tərəfdaşları ilə qarşılıqlı maraqlar müstəvisində münasibətlər qurmaqda maraqlıdır. Amma heç bir ölkənin Azərbaycanın suveren hüquqlarını, ərazi bütövlüyünü pozmasına imkan verməyəcəyi də birmənalıdır. Dövlətimiz hər zaman öz mövqeyində qəti olduğunu bir daha nümayiş etdirdi”.

Bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat xatırladıb ki, Azrbaycan haqlı olaraq İran iş adamlarının ermənilərin yaşadığı ərazilərlə qeyri-qanuni əlaqələrə son qoymağı tələb etmişdi:

“Bu məqsədlə ilk növbədə diplomatik kanallarla müvafiq mesajlar göndərildi. Daha sonra isə dövlətimiz bu məsələ ilə bağlı qarşı tərəf nota təqdim etmişdi. Bütün bunlara adekvat reaksiya olmadığı halda dövlətimiz zəruri tədbirlərə əl ataraq qəti addımlar atmışdı”.

Millət vəkilinə görə, Azərbaycanla heç kim diktə və təzyiq dilində danışa, iradəsini qəbul etdirə bilməz:

“Nə İrandan gələn hədələr, nə də keçirilmiş hərbi təlimlər Azərbaycanı qorxutmadı. Ölkəmiz bütün müstəvilərdə hər bir təzyiq və təpki cəhdinə adekvat cavab veriləcəyini öz qəti mövqeyi ilə nümayiş etdirdi. Eyni zamanda bu proseslər Azərbaycanın daxilində xarici qüvvələrə xidmət edən şəxslərin, təşkilatların, formalaşmış şəbəkənin ifşa olunmasını şərtləndirdi. Həmçinin İran-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik Ermənistana böyük zərbə oldu. Ermənistanın İranla dəhliz yaratmaq və iqtisadi kooperasiyanı daha da inkişaf etdirmək cəhdləri iflasa uğradı”.

Cavid Osmanova görə, bütün bunlar Prezident İlham Əliyevin qətiyyətli siyasətinin məntiqi nəticəsində mümkün oldu:

“Dövlət başçısı bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları bütün məsələlərdən üstündür”.

Hamısını Göstər

Related Articles

Back to top button