Mahirə Əmirhüseynova: Sosial şəbəkələrdə cəbhədəki kimi güclü, bütöv, əzmli olaq!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza ünvanladığı müraciət azərbaycanlıların, xüsusən xanımların bu neqativ hadisələrə münasibətini tam və dolğun əks etdirmiş oldu”.

Bu fikirləri “İki sahil.az”a açıqlamasında “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirib.

O, Azərbaycan insanının sülhpərvər olduğunu deyərək, hətta düşmənə qarşı mübarizədə belə tarix boyu hüquqi və mənəvi qanunları pozmadığımıza diqqət çəkib: “Azərbaycan xalıq sivil, mədəni, demokratik düşüncə tərzinə malik, tolerant yaşayış tərzini özünün həyat kredosu seçmiş xalqdır. Biz bütün dövlətlərlə dostluq və qonşuluq siyasətinin daha öndə olmasını əsas tutan bir ölkəyik. Ermənistan işğalçıdır, bunu bütün dünya bilir. Ancaq  insanlıqdan kənar siyasətindən əl çəkəcəkləri, torpaqlarımızı işğaldan azad edəcəkləri, bizimlə birlikdə sülh və əmin-amanlıq şəraitində yaşamaq istədikləri təqdirdə onları özlərinin saldıqları bəladan çıxarmağa hazırıq. Ermənistanda hakimiyyətdə olan bütün siyasi komandalar bu ölkəni, o xalqı ağır, acınacaqlı duruma salıblar. Bu gün Ermənistan bütün dünya ilə blokada şəraitində yaşayır. İqtisadiyyatları bərbad günə düşüb, statistikaya nəzər yetirəndə ermənilərin ölkələrindən qaçdıqlarını aydın görürük. Belə bir vəziyyətdə xaricdə olan erməninin dinc və haqlı azərbaycanlıya qarşı aqressiv davranması, vəhşiliklər törətməsi hüquqdan və məntiqdən çox kənardır”.

Mahirə Əmirhüseynova bildirib ki, düşmənin cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun layiqli cavab verməsi onların çaşqınlığına səbəb olub və xarici ölkələrdə sərgilədikləri vandal davranış bunun bir daha təsdiqidir: “Hörmətli Mehriban xanım xalqa müraciətində bildirir: “Bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Emosiyalar çoxdur. Hüznlə və şəhidlərin işıqlı xatirəsinə ehtiramla yanaşı ən güclülərindən biri qürur hissidir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə qürur. Vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə qürur. Ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi”.

Çox dəqiq deyilmiş fikirlərdir. İşğalçı erməni bizim qürurumuzdan qorxub, kol dibində gizlənərək soydaşlarımıza hücumlar edir. Biz haqlıyıq və qalibik. Sadəcə böyük müharibəyə başlayıb erməni analarını gözü yaşlı qoymaq istəmirik. Rəhbərlik etdiyim təşkilatın üzvü olan xanımlar da Mehriban xanım Əliyevanın müraciətindəki bütün sözlərlə tam razıdırlar”.

“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri iki cəbhədə mübarizə apardığımızı söyləyib. Bildirib ki, xüsusən müasir dünyanın informasiya savaşı daha aktualdır. Onun sözlərinə görə, biz KİV orqanlarında, sosial şəbəkələrdə cəbhədəki kimi güclü, bütöv, əzmli olsaq, daha böyük uğurlar qazanarıq: “Mehriban xanım Əliyeva müraciətində vurğulayır ki, yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi fonunda bu gün bizim hər birimizdən dözümlü, sayıq və təmkinli olmaq tələb olunur: “Hər an unutmamalıyıq ki, artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilirlər.

Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır.

Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Bir sözlə, insan qəlbinin ən kövrək tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atılır. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək “müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər.

Çox sevindirici haldır ki, Azərbaycanın internet istifadəçilərinin əksəriyyəti təxribata uymur, yalan və böhtanı ifşa edir, ağı qaradan seçməyi bacarır və münaqişənin kökləri haqda həqiqətlərdən bəhs edir. Axı bizim əsas vəzifələrimizdən biri ədaləti tələb edən haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaqdır”.

Mahirə Əmirhüseynova indiki məqamda erməni təxribatlarına onların öz dili ilə cavab verməyin düzgün olmadığını düşünür.Onun fikrincə, birlik nümayiş etdirərək düşmənlə sağlam informasiya müharibəsi aparmaq, onların iç üzünü dünyaya bir daha bəyan etmək ən doğru yoldur. Ordu cəbhədə düşmənə layiqli cavab verir. Biz arxa cəbhədə, dövlətin, Ali Baş Komandanın ətrafında sıx birləşərək, mübarizəmizi sivil üsullarla daha sərt şəkildə davam etdirməliyik: “Müraciətdə çox doğru vurğulanır. Azərbaycan xalqının mübarizəsinə qərəzli yanaşanlar varsa, onların torpaqlar uğrunda canından keçən və keçməyə hazır olan milyonlarla azərbaycanlı ilə ümumi heç nəyi yoxdur və ola da bilməz: “Tanrı onlara hakimdir, çünki ictimai qınaqdan başqa Allah qarşısında hamı cavabdehdir. Sosial şəbəkələrdə nümayiş etdirdiyiniz qarşılıqlı dəstəyi, səbri, həmrəyliyi, təmkini və özünənəzarəti görməmək mümkün deyil. Buna görə sizə minnətdaram! Biz hamımız sayıq olmalı, təxribata uymamalıyıq. Gəlin hər dəfə yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq və qarşı tərəf informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə bilər. Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur”.

Mən də bir xanım, bir ana, bir təşkilat rəhbəri olaraq, xüsusən vətəndaş cəmiyyəti üzvlərini düşmənlə ardıcıl, sivil, haqlı və qürurlu bir xalqın nümayəndəsi kimi mübarizə aparmağa səsləyirəm”. 

Mənbə
ikisahil.az
Hamısını Göstər

Related Articles

Back to top button