Türkiyə müxalifəti də 2023-ə hazırlaşır: nələr dəyişə bilər?

Türkiyədə Ərdoğandan sonrakı dövrə ciddi hazırlıqlar gedir, yeni siyasi partiyalar yaranır, hər kəs AKP seçicisindən öz payını almağa tələsir.

Bu sözləri ReAL üzvü Natiq Cəfərli Türkiyədə siyasi partiyalarla təmaslardan aldığı təəssüratı bölüşərkən qeyd edib.

Politoloqun fikrincə, bütün uzunömürlü hakimiyyətlər kimi, AKP-nin təkbaşına iqtidar dövrü də sona yaxınlaşır:

“Üzdə olan və ya potensialı olan 5 yeni partiya qurulur, köklü partiyalar da (məsələn, CHP kimi) AKP seçicisindən pay almağa çalışır. AKP seçkilərdə məğlub olsa, MHP də ziyan görəcək, onun seçicisi də İYİ və digər sağ-mühafizəkar partiyalara dağılacaq”.

Onun sözlərinə görə, Türkiyə siyasətçilərinin başları özlərinə qarışıb, lirənin ucuzlaşması əsas mövzudur, amma xarici siyasət məsələsi də müzakirə mövzularından biridir.

Ekspert Türkiyədə Azərbaycanı o qədər də yaxşı tanımadıqlarını iddia edib:

“1) Azərbaycanın siyasi sistemini tanımırlar, hətta bəzi ciddi siyasətçilər, millət vəkilləri belə bizdə konstitusiyalı monarxiya olduğunu düşünür. Müxalifət haqqında bilgiləri yoxdur, yeganə tanınan şəxs rəhmətlik Elçibəydir, onu da Prezident olduğu, “türkçü-millətçi” olduğu üçün yadda saxlayıblar. Amma rəhmətlik Elçibəyi yaşlı siyasətçilər tanıyır, gənclərin heç o haqda da məlumatı yoxdur;

2) Azərbaycanı “Körfəz ölkələri” kimi alqışlayırlar – pul çoxdur, neft-qaz gəlirləri dəryadır, ölkə ciddi inkişaf edib, xalqın rifahı çox yaxşıdır… – məhz bu fikirlər dominantlıq təşkil edir.

3) Seçki, demokratiya, insan haqları məsələsi ilə bağlı maraqları yoxdur, çünki bilgiləri çox azdır;

4) Demək olar ki, bütün siyasi partiyalar “Post-AKP dönəmində də qardaş olacağıq” deyirlər, amma heç birinin strateji baxışı yoxdur, ancaq şüarlar var”.

Politoloq bildirib ki, Azərbaycanın bütün əlaqələri iqtidar, AKP və Ərdoğan üzərinə inşa edilib:

“Rəsmi Bakının post-AKP siyasəti görünmür. Rəsmi Bakı heç bir müxalif siyasi partiya ilə işləmir, görüşmür, öyrənmir (eyni yanaşma qardaş Türkiyənin Azərbaycan böyükelçiliyinə də aiddir –onlar da Azərbaycan müxalifəti ilə görüşmürlər, fikir mübadiləsi aparmırlar). Azərbaycanda post-AKP dövrü haqqında təsəvvür belə yoxdur, məncə, düşünürlər ki, zatən qardaşıq, hakimiyyətdə kim olur-olsun, münasibətləri davam etdirəcəyik – amma heç də hər şey belə sadə olmayacaq”.

Politoloqun fikrincə, Bakı ümumiyyətlə bütün ölkələrlə münasibətlərini yalnız və yalnız iqtidarla qurub:

“Qonşu ölkələrin siyasi cameəsi ilə çalışmırıq – nə Gürcüstanda, nə Ukraynada, nə Orta Asiyada, nə də qardaş Türkiyədə”.

Politoloq hesab edir ki, bu siyasəti dəyişmək daha yaxşı olardı:

“Məncə, Vətən müharibəsindən sonra bizim xarici və daxili siyasətimizdə ciddi yeni strategiyaya ehtiyac yaranıb ki, möhtəşəm Hərbi Qələbəni diplomatik, iqtisadi, sosial, siyasi zəfərə çevirə bilək. İndi biz, böyük ölçüdə, Türkiyəyə bağlı hərbi-siyasi addımlara önəm veririk – bu strateji olaraq doğru olsa da, taktiki olaraq müəyyən problemlər doğura bilər. Sabah qardaş Türkiyədə yeni iqtidar, yeni koalisiyalar qurulsa, rəsmi Bakının həmin şəxs və partiyaları öncədən tanımaq kimi yanaşması mütləq olmalıdır. Əgər rəsmi Bakı bu addımın AKP-də müəyyən qıcıq doğuracağını düşünürsə, onda bu işdə müxalif partiyalar öndə ola bilərlər – çünki dövlət idarəçiliyi, milli maraqlar partiya mənsubiyyətindən çox-çox öndədir.

Qardaşıq, qardaş da olacağıq, amma indi həm də bir-birimizi tanımaq, öyrənmək zamanıdır…”

Hamısını Göstər

Related Articles

Back to top button