“Helikopter qəzası mürəkkəb bir hadisə olduğuna görə müxtəlif ekspertizalar təyin edilib” – Baş Prokurorluq

Üzeyir Cəfərov: “Bu, nə birincidir, nə sonuncu, ”qara qutu“ların oxunması haqda çox ciddi şəkildə düşünməliyik, avadanlıq alıb, mütəxəssislər cəlb etməliyik“

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya düşməsi ilə bağlı cinayət işi davam edir. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb. Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Olayla bağlı müxtəlif fikirlər səslənməkdədir. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təqdimatında TV Müsavatın efirində yayımlanan “Dərin Təhlil” verilişində deputat Razi Nurullayev deyib ki,  rəsmi qurum təmsilçilərini tez-tələsik “bu, adi bir qəzadır, düşəndə partladı” rəyi tələskənlik idi və doğru deyildi: “Bu gün Azərbaycan elə bir vəziyyətdədir ki, ölkəmizə qarşı terror da ola bilər, təxribat da. Burada da biz əslində bunların hamısına yaşadığımız proseslər zəminində yanaşmalıyıq”.

Helikopter qəzası ilə bağlı son durum necədir? “Qara qutu” oxunubmu? “Qara qutu”ların helikopterin istehsal edildiyi ölkədə oxunması doğru addımdırmı?

“Belə bir hadisənin baş verməsi təəssüf hissi doğurur. Bütün şəhidlərimizə Allah rəhmət eləsin”.

Missiya.Az xəbər verir ki, bunu dekabrın 6-da keçirilən brifinq zamanı baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Mahir Abbasov deyib.

“Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğramasından dərhal sonra istintaq qrupu hadisə yerinə gedib. Mürəkkəb bir hadisə olduğuna görə, müxtəlif ekspertizalar təyin edilib. Hadisənin səbəbləri ilə bağlı əlavə məlumat veriləcək”, – o bildirib.

M.Abbasovun sözlərinə görə, “qara qutu”nun harada işlənməsi ilə bağlı məlumatlar açıqlana bilməz: “Ancaq ”qara tutu” üzərində iş gedir”.

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, “qara qutu”ları heç bir halda Rusiyaya göndərmək olmaz:

“Bundan öncə baş verən hadisələrdə də ”qara qutu”lar Rusiyaya göndərilib. Lakin oradan “qara qutu”larla bağlı düz-əməlli məlumat verilməyib. Hesab edirəm ki, “qara qutu”nun oxunması üçün 3-cü bir ölkəyə göndərilməsi daha doğru olar. Yalnız bu halda hərtərəfli və obyektiv araşdırma təmin oluna bilər. İstər Rəşad Atakişiyevin məsələsində, istərsə də Sitalçayda və Şıxovda baş verən aviahadisələrdə bizə doğru-dürüst məlumat verilməyib. Bizim “qara qutu”nun Rusiyada oxunmasına qarşı olmağımız inamsızlıqdan irəli gəlir. Texnikanı Rusiya istehsal edib və ola bilər ki, həmin texnikada hansısa boşluq olub. Məsələn, Mi-17 helikopterlərinin ən zəif cəhəti onların sağ burun hissəsindən güclü külək tutanda pilot üçün ciddi idarəetmə problemi yaranmasıdır. Bunu istehsalçı da bilir. Pakistan, Hindistan və Rusiyanın özündə də baş verən qəzalarda bu amil müəyyən rol oynayıb. Bu məsələyə Rusiya tərəfi aydınlıq gətirməyib”.

Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən danışır - 07.05.2019, Sputnik Azərbaycan

Üzeyir Cəfərov

Üzeyir Cəfərov deyir ki, “qara qutu”nun oxunması üçün Rusiyanın Kazan şəhərinə göndərilməsi haqda təsdiq olunmamış xəbər var: “Bu məsələ sona qədər araşdırılmalıdır. Helikopterin mərhum pilotu Füzuli Cavadovla dispetçerin söhbətləri diqqətlə incələnməlidir. Sağ qalan pilot Ramin Ədilovla Füzuli Cavadov arasında son danışıqlara aydınlıq gətirilməlidir. İnsanlar da rahatlıq tapmalıdır. Dövlət Sərhəd Xidmətində olan Mi-17 helikopterinin qəzası ilk dəfədir. Bundan əvvəl 2 dəfə Müdafiə Nazirliyində olan Mi-17-ləri düşüb. Şıxovda düşən helikopterdə 3 hərbçimiz həlak oldu. Bu il daha bir Mi-17 helikopterimiz Türkiyənin Giresun vilayətində məcburi eniş etdi. Azərbaycandan mütəxəssislər gedib nasazlığı aradan qaldırdılar”.

Üzeyir Cəfərov deyib ki, qəzaya uğrayan Mi-17 son illər modifikasiya olunub. İlk Mi-17 1971-ci ildə istehsal olunub. Sonradan silahlı qüvvələrin istismarına verilib və illər ötdükcə Mİ-17-lər dəfələrlə modifikasiya olunub.

Hərbi ekspert deyir ki, helikopterlərdə 2 “qara qutu” olur: “Adı ”qara qutu” olsa da, əslində həmin qutular narıncı rəngdə olur. Onlardan biri pilotlar, dispetçer məntəqəsi arasında olan danışıqların yazılması, digəri isə helikopterin mühərrik, hidravlika, hündürlük, bütün cihazlar və digər hissələrin necə işləməsini fiksə edir”.

“Azərbaycan Rusiyanın hərbi təyyarə və helikopterlərini alır və istsmar edirsə, ”qara qutu”ları oxuyan cihazları niyə almır” sualına Üzeyir Cəfərov belə cavab verdi: ““Qara qutu”ların şifrələnməsi üçün xüsusi avadanlıq lazımdır. Belə avadanlıq Azərbaycanda yoxdur. Azərbaycanda “qara qutu”ları ümumi olaraq oxuya bilən laboratoriya var. Amma həmin lobaratoriyanın imkanları dərin təhlil, analiz aparmaq üçün yetərli deyil”.

Bəs həmin laboratoriyanın gəldiyi ilkin qənaət açıqlanıbmı? Ötən müddət ərzində açıqlanmalı idimi?

Üzeyir Cəfərov: “Mən də o qənaətdəyəm ki, mütləq mənada ictimaiyyətə açıqlama verilməli idi ki, insanlarda bir şübhə, narahatlıq qalmasın. Ən azı pilotların arasındakı danışıq, pilotlarla dispetçerlər arasındakı dialoqla bağlı ictimaiyyətə açıqlama verilə bilərdi. Mən də o fikirdəyəm ki, Azərbaycan külli miqdarda vəsait xərcləyib hərbi təyyarələr, helikopterlər alırsa, həmin texnikaların ”qara qutu”larını oxuyan avadanlıqları da almalıdır. “Qara qutu”ların oxunması haqda çox ciddi şəkildə düşünməliyik, avadanlıq alıb, mütəxəssislər cəlb etməliyik. Çünki belə qəzalar nə birincidir, nə də sonuncudur. Nə qədər ki, ordu var, insan amili var, belə hadisələrdən kimsə sığortalanmayıb. Biz bu haqda ciddi düşünməliyik. Bu gün düşünməsək, gələcəkdə daha pis vəziyyətdə ola bilərik.

“DSX-ya məxsus helikopterin texniki nasazlıq üzündən baş verməsi ehtimalı var. Belə bir halda ”qara qutu”nu istehsalçıya yollayıb oxunmasını təmin etmək istəyimiz qəribə deyilmi? O baxımdan ki, istehsalçı texniki nasazlığı boynuna alsa, faktiki olaraq istehsal etdiyi texnikanın yararsızlığını etiraf etmiş olur” sualına isə Cəfərov belə cavab verdi: “Əlbəttə ki, kimsə öz ayranına turş demir. Əgər Rusiya tərəfi qəzanın texniki nasazlıq üzündən baş verdiyini aydınlaşdırsa belə, bu məsələni ört-basdır etməyə çalışacaq. Çünki Mi-17 ən çox tələbat olan helikopterdir. Bu helikopteri dünyaya satırlar”.

Hamısını Göstər

Related Articles

Back to top button