Sabirabad COVID-19 xəstələri yaşadıqları ünvanlara qaytarılıblar
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirusa yoluxmuş şəxslərin yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, COVID-19 testlərinin nəticələri pozitiv olan rayonun Cavad kənd sakini Mübariz Əhmədliyə və Qaratəpə kənd sakini Əmir Bədəlova ev şəraitində müalicə təyin olunub, karantin qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Lakin həmin şəxslər yaşadıqları ünvanları tərk edib, infeksiyanın yayılmasına real şərait yaradıblar.
Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxslərin qanunazidd hərəkətlərinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.
Hər iki şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.




