Altı gün qaldı – Brüssel görüşü haqda ilginc gözləntilər

Rusiyalı siyasi ekspertlərin fikirləri Azərbaycanda müdafiə olundu-qərarlar qəbul olunan görüşlər Rusiyanın vasitəçiliyi ilə keçirilir

Dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçiriləcək görüşə 5 gün qalıb. Az qala bir aya yaxındır ki, bu görüş ətrafında ən müxtəlif müzakirələr davam etməkdədir. Son olaraq rusiyalı siyasi ekspertlər də bu mövzuda ilginc iddialar irəli sürüblər. Məsələn, Vitali Arkov deyir ki, İrəvan Brüssel görüşünə böyük ümidlər bəsləyir: “Paşinyanın məqsədi Rusiyanın regiondakı proseslərə təsirini azaltmaq, Qərb ağalarının Cənubi Qafqazda itirilmiş mövqelərini bərpa etməyə çalışmaqdır. Bu baxımdan, dekabrın 15-də bizi ”Brüssel tamaşası” gözləyəcək”. Ekspert bildirir ki, Brüssel heç vaxt hər iki tərəfi eyni vaxtda qane edən prinsipial yenilik ortaya qoya bilməz: “Hər şey əvvəllər Moskva tərəfindən Bakı və İrəvanla sıx əməkdaşlıq şəraitində hazırlanıb və onlar tərəfindən qəbul edilib. Bu gedişlə İrəvan Brüssel görüşündən sonra da razılaşmalara ”təpik atacaq”. Bu halda Bakı başqa təsir tədbirləri görəcək. Bakı artıq səbr nümayiş etdirməyəcək. Necə deyərlər, xoş söz və tapança ilə siz yalnız xoş sözlə qazana biləcəyinizdən daha çoxuna nail ola bilərsiniz”.

Rusiyalı hərbi ekspert Yevgeni Mixaylovun da məsələyə münasibəti olduqca maraqlıdır. Ekspert qeyd edir ki, İlham Əliyev Paşinyana Qərbin dəstəyi ilə əldə edilmiş razılaşmaları dəyişmə imkanı verməyəcək. Onun sözlərinə görə, Ermənistan növbəti dəfə bir neçə stulda əyləşməyə çalışır. O, əlbəttə ki, elə Fransanın timsalında Avropa İttifaqının dəstəyinə ümid bəsləyir: “İrəvanın bu oyunu Moskva ”Bunlar nə vaxtadək davam edəcək” sualını verənədək sürəcək. Rusiya Federasiyası regionda sülhməramlı prosesin əsas moderatorudur. Məhz Moskvanın zəmanəti ilə Azərbaycan konkret razılaşmalara razılıq verib. Ermənistan da öz hərəkətləri ilə Rusiya Federasiyasının həm Dağlıq Qarabağ münaqişəsi üzrə səylərini, həm də bütövlükdə regionda sülh və razılığın əldə edilməsi çabalarını zərbə altına qoyur. Məncə, yaxın vaxtda vəziyyət dəyişəcək, çünki Moskvanın səbri tükənir”.

Rusiyalı analitiklərin bu dəyərləndirmələri əsaslıdırmı? Brüssel görüşü vəziyyətə, Rusiyanın mövqeyinə təsir edəcək?

Müharibə bitdi, qaldı mübarizə - Daha uzun, daha qəliz Manset.az

 Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Rusiya siyasi şərhçilərinin və hərbi ekspertlərinin söylədikləri fikirlərin və proqnozların içərisində kifayət qədər əsaslı tezislər var: “Mən də hesab edirəm Brüssel görüşü Azərbaycanla Ermənistan arasında hazırkı duruma təsir etməyəcək. Belə bir fikir yaranmasın ki, bu görüş məhz Avropa İttifaqı qurumları tərəfindən yekdil razılaşma nəticəsində hazırlanan görüşdür. Bu, sadəcə olaraq, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən tədbirə Azərbaycan və Ermənistan liderlərinin dəvət olunmasıdır. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin Brüsselə gəlişini onların görüşünün təşkil edilməsi üçün fürsət görüb və belə bir görüşün keçirilməsi təşəbbüsünü qaldırıb. Şarl Mişelin Ermənistan tərəfə simpatiyası olduğu məlumdur, erməni diasporasının ona təsiri var. Şarl Mişelin vaxtilə bu vəzifəyə seçilməsində Fransa prezidenti Makronun xüsusi rolu olmuşdu. Mişel Belçikada məhz fransız dillilər tərəfindən baş nazir seçilmişdi. Yəni bu şəxsə Fransanın çox ciddi təsirinin olduğu bəllidir. 15 dekabr görüşünün təşəbbüskarı bu adamdır. O, belə bir təşəbbüslə həm də Rusiyanın həyata keçirdiyi vasitəçiliyi zəiflətmək istəyir. Amma nəzərə almaq lazımdır ki, 44 günlük müharibə bitəndən sonra regionda iki ən ciddi təsir imkanı olan dövlət Türkiyə ilə Rusiyadır. Regionda proseslər ancaq bu iki dövlətin razılığı ilə gedə bilər. Əldə olunan nəticələrə Brüsselin təsir eləmək imkanları sıfıra bərabərdir. Ermənistan tərəfi isə çalışır ki, özünə arxa tapsın. Onun əsas məqsədi prosesdən kənarda qalan beynəlxalq qurumları yenidən Azərbaycanla Ermənistan arasındakı məsələlərin müzakirəsinə cəlb eləməkdir. İngiltərə Avropa İttifaqından çıxandan sonra Fransanın təsiri bu qurumda artıb. Ona görə də Paşinyan çalışır ki, Avropa İttifaqını prosesə cəlb eləsin və öz maraqlarını onun vasitəsilə həyata keçirsin. Paralel olaraq Ermənistan Minsk Qrupunu aktivləşdirməyə çalışır”.

Politoloq qeyd etdi ki, regionda yaranmış yeni formatı dəyişməyə Nikol Paşinyanın və onu dəstəkləyənlərin imkanları yoxdur: “Ona görə də Brüssel görüşündən nəticə gözləmirəm. Brüssel görüşünə hətta bir humanitar məsələnin də qalmasına Rusiya imkan vermək istəmir. Yəni Brüssel görüşündə qərarlar qəbul olunmayacaq. Çünki qərarlar qəbul olunan görüşlər məhz Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərdir. Artıq bunu təsdiq eləyən təcrübələr var. Eyni zamanda artıq 3+3 formatlı əməkdaşlıq platformasını Rusiya və İran da dəstəkləyir. Artıq bu formatda ölkələrin xarici işlər nazirlərinin Moskvada görüşü də təyin olunub. Yəni göründüyü kimi, proseslər yenə də Moskvanın vasitəçiliyi ilə həyata keçirilir. Azərbaycan üçün narahat olmağa problem görmürəm. Azərbaycanın mövqeyi güclüdür. Ermənistan tərəfi irəli sürülən əməkdaşlıq imkanlarını müsbət dəyərləndirməli, rəsmi qəbul olunan razılaşmalardakı məsələləri həyata keçirməlidir. Əks halda, Ermənistan öz problemlərini bir qədər artıracaq. Paşinyan Brüssel görüşündə aranı qatmaq mövqeyindən çıxış etsə, Rusiyanın vasitəçiliyi ilə əldə olunan görüşlərdəki razılaşmalara qarşı davranış nümayiş etdirsə, Kremlin sərt təpkisi ilə qarşılaşacaq”.

Hamısını Göstər

Related Articles

Back to top button