Səfirlərin “qara siyahısı” – Kimlər geri çağırılacaq?

Bəlli olduğu kimi, Prezident İlham Əliyev bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyətini kəskin tənqid edərək, nazir Elmar Məmmədyarovu tutduğu vəzifədən azad etdi. Bundan bir qədər əvvəl isə Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində əməliyyat keçirərək, nazirliyin bir sıra yüksək vəzifəli şəxslərini həbs etmişdi.

Yeni təyin olunan Xarici işlər naziri Ceyhun Bayramovu videoformatda qəbul edən Prezident İlham Əliyev nazirliyin fəaliyyətindəki ciddi nöqsanlara diqqət çəkərək, mövcud problemlərin qısa zamanda həll olunması üçün göstəriş verdi. Prezidentin tapşırığına uyğun olaraq, artıq Xarici İşlər Nazirliyinin həm aparatının, eyni zamanda xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizin işi, fəaliyyəti ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə nazir Ceyhun Bayramov mətbuata açıqlamasında məlumat verib. Nazir qeyd edib ki, qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçiriləcək. Onun sözlərinə görə, XİN-in mərkəzi aparatı, onun struktur bölmələri və xarici diplomatik nümayəndəliklər arasında koordinasiya işi ciddi formada təhlil edilməlidir: “İşin həcmi və hədəflər düzgün müəyyən edilməlidir və cənab Prezidentin müəyyən etdiyi əsas prioritet istiqamətlərə yönəlməlidir”.

Nazir bildirib ki, əsl peşəkar və vətənpərvər kadrların şəffaf, ədalətli seçim əsasında önə çəkilməsi xüsusi prioritet olacaq. Nazirin məlum açıqlamasından sonra mövzu ilə bağlı Editor.az-ın redaksiyasına ciddi məlumatlar daxil olub. İnformasiya görə, artıq bir sıra ölkələrdəki səfirliklərimizin fəaliyyəti təhlil olunub. Keçmiş nazir Elmar Məmmədyarovun birbaşa himayəsi ilə səfir təyin olunan, fəaliyyəti müasir çağırışlara və ölkəmizin xarici siyasət prioritetlərinə adekvat olmayan bir sıra səfirlərlə bağlı müvafiq arayışlar hazırlanıb. Həmin arayışlar yaxın zamanlarda ölkə rəhbərliyinə təqdim olunacaq. Aparılan araşdırmalar zamanı məlum səfirliklərin fəaliyyətində bir sıra xidməti nöqsanlar və maliyyə pozuntuları qeydə alınıb. İddia olunur ki, məlum səfirlərlə bağlı XİN sistemində narazılıq son həddə olsa da, bundan əvvəl bu səfirliklərimizin fəaliyyətlərinin qənaətbəxş olmaması ilə bağlı digər dövlət strukturlarından məlumat və arayışlar təqdim olunmasına, mətbuatın dəfələrlə bunları işıqlandırmasına baxmayaraq, barələrində heç bir tədbir görülməyib. Buna səbəb isə bu diplomatların keçmiş nazir Elmar Məmmədyarovun kadrları olması və onun təqdimatı əsasında səfir təyin edilməsi ilə bağlıdır.

Fəaliyyətində ciddi nöqsanlar aşkarlanaraq, barələrində arayışlar hazırlanan səfirlərin bəzilərinin adları məlum olub. Ehtimallara görə, barələrində müvafiq arayışlar hazırlanan səfirlərin qısa zamanda geri çağrılacağı gözlənilir. Həmin diplomatları təqdim edirik:

Elxan Poluxov – Azərbaycanın Braziliya Federativ Respublikasındak səfiri

Elman Abdullayev – Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri

Dursun Həsənov – Azərbaycanın Gürcüstan Respublikasındakı səfiri

Qüdsi Osmanov – Azərbaycanın Moldova Respublikasındakı səfiri

Lətif Qəndilov – Azərbaycanın Belarus Respublikasındakı səfiri

Nərgiz Qurbanova – Azərbaycanın Bolqarıstan Respublikasındakı səfiri

Bünyad Hüseynov – Azərbaycanın İran İslam Respublikasındakı səfiri

Rəhman Mustafayev – Azərbaycanın Fransa Respublikasındakı səfiri

Hidayət Orucov – Azərbaycanın Qırğızıstan Respublikasındakı səfiri

Mahir Əliyev – Azərbaycanın BƏƏ-dəki səfiri

Murad Nəcəfbəyli – Azərbaycanın Estoniyadakı səfiri

Anar Məhərrəmov – Azərbaycanın İspaniya Krallığındakı səfiri

Mənbə
pravda.az
Hamısını Göstər

Related Articles

Back to top button