Yerin altında zərbə və kəşfiyyat PUA-ları – İrana bağlı qüvvələrin gizli bazası aşkarlandı
İrana bağlı “Hizbullah” qruplaşmasıın yaraqlıları Dəməşqdən cənubda, köhnə hərbi bazanın ərazisində zərbə və kəşfiyyat PUA-larını gizlədiblər. Bu barədə Suriya İnsan Haqları Monitorinq Qrupu (SOHR) bildirir.
Məlumatda deyilir ki, “Hizbullah”ın mühəndis bölmələri Əl-Kisua rayonundakı bazada yeraltı kommunikasiyaları genişləndirirlər, hansı ki, ötən il dekabrın əvvəllərindən başlayaraq orada pilotsuz uçan aparatları gizlədiblər. Bu addım PUA-ları İsrailin hava zərbələrindən qorumaq üçün atılıb.
SOHR bildirir ki, “Hizbullah” yerli sakinlərin hərbi obyektə yaxınlaşmasına icazə vermir, ərazidə foto və video çəkmək qadağandır. Ehtimal edilir ki, həmin obyektdə İrandan gətirilmiş hissələrdən pilotsuz aparatların yığılması da həyata keçirilir.
Ötən ilin noyabrında İsrailin müdafiə naziri İranın Suriya hüdudlarından kənarda hava zərbələri endirmək üçün pilotsuz uçan aparatlar cəmləşdirdiyini, onları Suriyadakı köhnə hərbi bazalarda saxladığını açıqlamışdı. Onun sözlərinə görə, pilotsuz aparatlar minlərlə kilometr məsafədə strateji hədəflərə zərbə endirə bilər. “Bu potensial artıq sünni ölkələrini, Yaxın Şərqdəki beynəlxalq qoşunları, habelə Avropa və Afrika ölkələrini təhlükəyə məruz qoyur”, – nazir demişdi.