Qırğızıstan əsgərləri Qazaxıstanda etirazçılara qarşı çıxmayacaq
Qırğızıstan qoşunları KTMT sülhməramlı kontingentinin tərkibində Qazaxıstana göndərilsə də, etirazçılarla qarşı-qarşıya dayanmayacaqlar. Onlar yalnız strateji obyektləri qoruyacaqlar.
Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarovun mətbuat katibi Erbol Sultanbayev jurnalistlərə bildirib.
“Joqorku Keneş (Qırğızıstan parlamenti – red.) tərəfindən təsdiq olunarsa, Qırğızıstan Respublikasının hərbi qulluqçuları KTMT Nizamnaməsinə uyğun olaraq, kollektiv qüvvələrin tərkibində müstəsna halda sülhməramlı fəaliyyət üçün Qazaxıstan Respublikasına göndəriləcək”, – deyə o qeyd edib.
Sultanbayev onu da vurğulayıb ki, Qırğızıstan sülhməramlıları strateji əhəmiyyət kəsb edən obyektlərin mühafizəsinin təmin edilməsinə cəlb olunacaqlar.
“Xüsusilə qeyd edirik ki, Qırğızıstan hərbçiləri Qazaxıstan Respublikasında keçirilən aksiyaların iştirakçıları ilə heç bir qarşıdurmaya cəlb edilməyəcəklər”, – deyə o vurğulayıb.