Türkmənistan prezidenti “Cəhənnəm qapıları”nın söndürülməsinə göstəriş verib
Türkmənistanın lideri Qurbanqulu Berdiməhəmmədov Qaraqum səhrasında “Cəhənnəm qapıları” kimi tanınan qaz kraterini söndürmək üçün üsul icad etməyi tapşırıb.
Söhbət Türkmənistanın ən məşhur görməli yerlərindən birindən gedir, hansı ki, hazırda “Qaraqum səhrasının parıltısı” adlanır.
Berdiməhəmmədov qeyd edib ki, Dərvaza rayonunda uzun illərdir təbii qaz yanır ki, bu da ətraf mühitə və yerli əhalinin sağlamlığına ziyan vurur.
Bundan əlavə, Türkmənistan liderinin vurğulayıb ki, ölkə xaricə satıla bilən qiymətli xammalı, vətəndaşların rifahının yüksəldilməsinə sərf olunacaq pulları itirir. Bununla bağlı Berdiməhəmmədov elmi müzakirələrin təşkili, lazım gələrsə, qaz krater probleminin həlli üçün xarici mütəxəssislərin cəlb edilməsi barədə göstəriş verib.
Bu əlamətdar yer Qaraqum səhrasında, Aşqabaddan 266 kilometr şimalda, Dərvaza kəndi yaxınlığında yerləşən, diametri təqribən 60 metr, dərinliyi 20 metr olan çökəklikdir.
Süni mənşəli olsa da, təxminən yarım əsrdir ki, təbiət abidəsi kimi qəbul edilir. 1971-ci ildə təbii qaz axtarışı üçün bu yerdə quyu qazılan zaman çökmə baş verir. Geoloqlar çuxurdan çıxan qazın bir neçə günə tamamilə yanacağına ümid edərək onu yandırmaq qərarına gəliblər. Buna baxmayaraq, yanğın bu günə qədər davam edir.