Türk Dövlətləri Təşkilatının Qazaxıstana görə fövqəladə toplantısı başladı
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qazaxıstandakı situasiyaya dair fövqəladə iclasında çıxış edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşğlunun çıxışından sitat:
-Türk dünyası olaraq Qazaxıstanın yanındayıq. Türkiyə olaraq da proseslərin əvvəlindən qazaxıstanlı rəsmilərlə təmasda olmuşuq. Prezident Rəcəb Tayyib Ərdoğan başda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olmaqla TDT-yə üzv ölkələrin başçıları təmasda olaraq hadisələri yaxından izləyiblər.
Bu böhranın Qazaxıstanın suverenliyinə, bütövlüyünə, sabitliyinə və balanslı xarici siyasətinə zərər verməyəcəyinə inanırıq. Çünki biz qardaş Qazaxıstanın gücünə güvənirik. Biz geosiyasi rəqabətin deyil, əməkdaşlığın və rifahın aktorlarıyıq. Çünki dövlətləri və millətləri rifah, sabitlik və sülh ucaldır.
***
Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısı başlayıb. İclas videokonfrans formatında keçirilir. Türkiyə XİN başçısının sədrliyi ilə keçirilən toplantının əsas mövzusu Qazaxıstandakı böhran durumudur. Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
Əvvəlcə Qazaxıstanda baş verən iğtişaşlarda həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.