Prezident: “Sülh müqaviləsi imzalansa da, imzalanmasa da, biz öz hərbi gücümüzü daim artıracağıq”
“Sülh müqaviləsi imzalansa da, imzalanmasa da, biz dediyim kimi, öz hərbi gücümüzü, qüdrətimizi daim artıracağıq və artırmalıyıq.
Ermənistan tərəfi isə tərəddüd edir. Yenə də bu, onu göstərir ki, rəsmi dairələr bu məsələ ilə bağlı öz fikrini hələ formalaşdıra bilməyib. Bir tərəfdən, onlar başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud olduğu halda onların müəyyən narahatlığı ola bilər. Digər tərəfdən başa düşürlər ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır və onlar buna hazır olmalıdırlar. Ona görə, bilirsiniz, necə deyərlər, iki daş arasında qalıblar. Ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər”.
Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
“Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq”, – deyən dövlətimizin başçısı qeyd edib ki, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün.
“Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”, – deyə Prezident əlavə edib.