ABŞ, AB və İsraildən Ermənistana “ölüm hökmü” kimi qadağa – işğalçı çıxılmazda

ABŞ-ın Ermənistandakı səfirliyi öz əməkdaşlarına rəsmi olaraq Ermənistan hava yollarının xidmətlərindən istifadə etməsini qadağan edib.

Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, bu barədə səfirliyin saytında yerləşdirilmiş məlumatda deyilir.

“2020-ci ilin iyununda Avropa Birliyi (AB) Ermənistanda sertifikatlaşdırılmış aviadaşıyıcıların təhlükəsizliyi ilə əlaqədar narahatlıqlar səbəbindən bütün Ermənistan aviaşirkətlərini AB Hava Təhlükəsizliyi (EU Air Safety List) siyahısına əlavə edib.
Qərar ən azından 2022-ci ilə qədər qüvvədə olacaq və əslində bütün erməni hava gəmilərinin AB-yə və ya onun daxilində uçuşlarını qadağan edir. Bu qiymətləndirməni nəzərə alaraq ABŞ-ın Ermənistandakı səfirliyinin işçilərinə hava limanlarında erməni aviadaşıyıcılarından istifadə etmək qadağandır”, – deyə diplomatik nümayəndəliyin izahatında vurğulanır.

Avropa İttifaqından Ermənistana uçuş qadağası

Qadağaların aşağıdakı şirkətlərə aid olduğu bildirilir: “Ermənistan Hava Yolları”, “Erməni Helikopterləri”, “Ermənistan Atlantik Hava Yolları”, “Atlantik Avropa Hava Yolları”, “Mars Avia” və “Skyball”. Yəni qadağalar Ermənistana aid bütün özəl və dövlət aviaşirkətlərə qoyulub.

Onu da qeyd edək ki, ABŞ səfirliyinin xəbərdarlığı təkcə bu dövlətin Ermənistandakı səfirliyinin işçilərinə deyil, həm də ABŞ vətəndaşlarına ünvanlanıb.

Məsələni şərh edən beynəlxalq əlaqələr üzrə erməni ekspert Suren Sərkisyan 1in.am-a verdiyi açıqlamada Birləşmiş Ştatların öz vətəndaşlarına belə bir müraciət ünvanlayan ilk ölkə olmadığını deyib. “İsrail də artıq Avropa Birliyinin qərarından nümunə götürərək, Ermənistanda qeydiyyata alınan heç bir aviaşirkətin İsrailə uçuş həyata keçirə bilməyəcəyini bəyan edib”, – deyə o qeyd edib.

Sərkisyan xatırladıb ki, ABŞ səfirliyindən verilən mesaj sırf təhlükəsizlik amili ilə əlaqədardır: “Çünki Avropa Birliyi Ermənistanda qeydiyyatda alınan bütün hava yollarını “qara siyahı”ya salıb. Buna ABŞ və İsrailin oxşar reaksiya verərək adekvat addımlar atması məntiqlidir. Gələcəkdə digər dövlətlərin də Avropa Birliyini nümunə götürəcəyini istisna etmirəm. Bu, bizim aviasiya sənayesi və turizm sahəsinə ciddi zərbədir. Bu cür açıqlamalar erməni aviasiyasının ölümünün başlanğıcı deməkdir”.

Onun sözlərinə görə, həm ABŞ məmurları, həm də ümumən ABŞ vətəndaşları bu açıqlamaları oxuyurlar və bütün bunların Ermənistan aviasiyasının nüfuzuna ciddi zərbə vurması təbiidir.

Bəs “Ermənistan Avropa Birliyinin “qara siyahısı”ndan çıxdıqdan sonra 2022-ci ildə bu sahəni tez bir zamanda bərpa edə və etibar qazanacaqmı” sualına Sərkisyanın cavabı belə olub: “2022-ci ilə qədər məhdudiyyətlər olacaq, ancaq ondan sonra da yenidən təftiş aparmaq lazımdır və yalnız müsbət qiymətləndirmə aldıqdan sonra Ermənistan özünün nüfuzunu qaldırmaq üçün addımlar ata biləcək. Ancaq bu, istənilən aviaşirkət üçün çox çətin, son dərəcə qəliz bir proses olacaq”.

Oxu.az - Avropa Birliyi Ermənistan şirkətlərini “qara siyahı”ya saldı

Ermənistana qarşı Avropa Birliyinin (Avropa Komissiyasının), ardınca ABŞ və İsrailin hava qadağası, daha dəqiqi, hava zərbəsi şübhəsiz ki, işğalçı ölkənin ümumən maliyyə-iqtisadi durumu ilə birbaşa bağlıdır. Ona görə ki, beynəlxalq aviareyslərdə vətəndaşlara yüksək təhlükəsizlik standartlı xidmət göstərmək üçün beynəlxalq standartlara cavab verən mülki aviapark olmalıdır. Bu isə apardığı işğalçı siyasət səbəbindən kasıb, blokada şəraitində olan və iqtisadiyyatı tənəzzül yaşayan Ermənistanın imkanları xaricindədir. Yeri gəlmişkən, işğalçı ölkə AB-nin “qara siyahı”sında İraq, Venesuela, Əfqanıstan Anqola, Konqo, Cibuti, Ekvatorial Qvineya, Eritreya, Liberiya, Liviya kimi iqtisadi cəhətcə geridə qalmış ölkələrlə yanaşıdır. 

Təsadüfi deyil ki, erməni ekspert hətta 2022-ci ildən sonra da bu sahədə ciddi irəliləyişin qeyri-mümkün olduğunu deyir. Bu da o anlama gəlir ki, zərər çəkəcək sahə təkcə mülki aviasiya olmayacaq, həm də düşmən ölkənin böyük ümidlər bəslədiyi daxili turizm sektoru böhranlı durumdan çıxmayacaq. Bu sahə Avropa Birliyi, ABŞ və İsrailin qadağasından öncə və pandemiya dövründə onsuz da böhranlı durumda idi.

Təcavüzkar ölkənin maliyyə-iqtisadi böhrandan çıxmağın tək yolu isə çoxdan bəlli: nə qədər gec deyil, Dağlıq Qarabağ məsələsində Bakı ilə dil tapıb, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq, blokada rejimindən çıxmaq, nəinki iki əsas qonşuya qarşı düşmənçilik siyasətini, əsassız  torpaq iddialarını davam etdirmək…  

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button