Göyçayda karantin rejimi ilə bağlı reyd keçirilib, qaydaları pozanlar inzibati məsuliyyətə cəlb edilib
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması, xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə rayon ərazisində nəzarət-profilaktiki tədbirlər həyata keçirirlər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, tədbirlər zamanı ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər müəyyən edilib. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və tələblərə əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan, eləcə də COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər aşkar edilərək inzibati məsuliyyətə cəlb olunublar.
Mağazalarda, eləcə də digər qapalı obyektlərdə keçirilən yoxlamalar zamanı isə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən alıcı və satıcılara rast gəlinib. Onların barəsində inzibati tənbeh tədbirləri görülüb. Polislər tərəfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.